2000 il yaşı olan qızılcaya qarşı nə edək? - Pediatrlar Assosiasiyasının sədrindən tövsiyə

  • 2023.12.12 16:04
  • 1761 Baxış
2000 il yaşı olan qızılcaya qarşı nə edək?   - Pediatrlar Assosiasiyasının sədrindən tövsiyə

İlk dəfə IX əsrdə həkim, kimyagər Əbu Bəkr əl-Razi tərəfindən ətraflı təsvir edilən qızılca bəşəriyyətə 2000 ildən artıqdır ki, məlumdur.
Xəstəliyin spesifik müalicəsi olmasa belə, uşaqlarımızı infeksiyadan qorumaq üçün tövsiyə olunan intervalla peyvənd etdirmək mümkündür. Əks halda yoluxmuş şəxslər xəstəliyin ağırlaşmaları ilə qarşılaşa bilərlər.

"Medicina" xəbər verir ki, Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, MDB dövlətlərin Pediatrlar Federasiyasının vitse-prezidenti, Təranə Tağı-zadə qızılca barədə maarifləndirici açıqlama edib.

"Qızılca yüksək kontaktlı infeksiyadır və yeganə mənbəyi insanlardır. Yoluxmuş şəxslərdə xəstəliyin ağırlaşması hallarında pnevmoniya, otit, bağırsaq fəsadları, ensefalit, meningit, ağız və göz xoraları (görmə qabiliyyətinin itirilməsi) və digər xəstəliklərin baş verməsi riski yüksək ola bilər.

Hazırda bir pediatr kimi məni başqa bir fakt narahat edir. Elm adamları qızılcanın immunitet sisteminə təsir etdiyini çoxdan bilirdilər, lakin son sübutlar göstərib ki, bu immun sistemi yumşaq bir şəkildə zəiflətmək deyil, tamamilə yenidən işə salmaq məsələsidir.

Pediatr Rotterdam Erasmus Universitetinin professoru Rik L. de Svartdan sitat gətirib:

“Qızılca xəstəliyinə tutulmuş uşaqlar əvvəllər mübarizə aparmağı öyrəndikləri patogenlər tərəfindən təhlükə altında olurlar. Hər bir infeksiyanın orqanizmə daxil olması xəstəliyin inkişaf riskini artırır. Bəlkə də toxunulmazlığı bərpa etmək üçün bütün xəstəlikləri yenidən keçirmək lazımdır”.

BMT-nin Uşaq Fondunun (UNICEF) 2018-ci il hesabatında A vitamininin uşaq ölümlərini 12 faiz azalda biləcəyi qeyd edilib. immun sistemin normal şəkildə fəaliyyət göstərməsi üçün vacib hesab edilən vitaminlərdən biri də A vitaminidir. Bu mənada A vitamini əlavəsi (VAS) proqramları uşaqlar üçün həyat yolu ola bilər.

Uşağın həyatının ilk beş ilində onun immunitetini dəstəkləmək, ishal və qızılca kimi təhlükəli xəstəliklərə qarşı müqavimətini artırmaq üçün 4-6 aylıq fasilə ilə ildə cəmi iki doza A vitamini qəbul etdirmək kifayətdir.

Elmi sübutlara əsaslanan protokola görə, A vitamini xüsusilə qızılca zamanı, iki dəfə 24 saat fasilə ilə həkim tərəfindən təyin olunarsa, bir sıra fəsadlardan qoruyur.

“UNICEF ekspertləri xüsusi olaraq vurğulayırlar ki, A vitamini əlavələrinin təsiri fərqli nəticə doğurur. Bu o deməkdir ki, əlavələr təsirli olsa da, bədəndə A vitamini ehtiyatı yaratmır və buna görə də hər bir uşağı balanslı və faydalı qida ilə təmin etmək üçün səylərinizi əsirgəməməlisiniz.


A vitamini yüksək olan qidalar: qaraciyər, ət, balıq, süd, yağ, xama, kəsmik, yumurta (xüsusilə sarısı), yerkökü, balqabaq, bolqar bibəri, ispanaq, brokoli, yaşıl soğan, cəfəri, paxlalılar, qırmızı kürü, ərik, manqo, şaftalı, üzüm və s.

Peyvəndlənmə qızılca xəstəliyinə qarşı ən effektiv profilaktika üsuludur. Milli peyvənd təqviminə əsasən qızılcaya qarşı immunizasiya 1 və 6 yaşında olmaqla 2 doza şəklində kombinə olunmuş Qızılca, Parotit, Məxmərək (QPM) peyvəndi ilə aparılır. Qızılca yüksək kontagiozluğa malik kəskin xəstəlikdir, yaxın təmasda olan əhalinin 90 faizini yoluxdura bilər. Peyvədlənməmiş şəxslərdə qızılca xəstəliyi ağırlaşmalara və hətta qalıcı fəsadlara səbəb ola bilər.

Aygün Musayeva