Yanvarın 1-dən "Tibbi sığorta haqqında" Qanuna edilən dəyişikliklər qüvvəyə minib. Dəyişikliyə əsasən, "Məşğulluq haqqında" Qanunda nəzərdə tutulan qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər sığortalı qismində özləri çıxış edirlər. Qanunun icrası ilə bağlı dövlət başçısının imzaladığı fərmana əsasən isə qeyri-formal məşğulluğun təsir dairəsinə düşən, sığortalı qismində özləri çıxış edən şəxslərin müəyyən edilməsi qaydası hazırlanacaq. Mexanizmin hazırlanması üç ay müddətində Nazirlər Kabinetinə tapşırılıb.
Görəsən, qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər qeyd olunan müddətdə tibbi sığortadan yararlana biləcəklərmi?
Medicina.az xəbər verir ki, oxu.az-ın sorğusuna cavab olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) bildirilib ki, bu kateqoriyaya aid şəxslərin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək:
"Qayda təsdiqlənənədək hazırda icbari tibbi sığorta sistemindən istifadə edən şəxslər tibbi xidmətlərdən yararlanmağa davam edəcəklər".
Xatırladaq ki, "Məşğulluq haqqında" Qanuna əsasən, Əmək Məcəlləsinə uyğun olaraq əmək müqaviləsi (kontrakt) və ya Mülki Məcəlləyə uyğun olaraq mülki-hüquqi müqavilə bağlanılmadan müəyyən fəaliyyətin yerinə yetirilməsi, Vergi Məcəlləsinə uyğun olaraq sahibkarlıq fəaliyyətinin və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadənin rəsmiləşdirilmədən həyata keçirilməsi, eləcə də "Ailə kəndli təsərrüfatı haqqında" Qanuna uyğun olaraq yerli özünüidarəetmə orqanlarında uçota durmadan ailə kəndli təsərrüfatının təşkili nəticəsində qazanc (gəlir) əldə edilməsi qeyri-formal məşğulluq hesab edilir. Qanuna əsasən, qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məbləğdə icbari tibbi sığorta haqqı tutulacaq.
Qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslərin sığorta haqqının ödənilməsi müddətləri pozulduqda, bu qanunun yuxarıda müəyyən olunmuş sığorta haqqının 10 faizi həcmində əlavə sığorta haqqı ödəniləcək.
Qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslərin sığorta haqqının ödənilməsi öhdəliyi təqvim ili ərzində yarandıqda, həmin şəxslər üçün sığorta haqqı 12-yə bölünməklə, öhdəliyin yarandığı ay da daxil olmaqla ilin sonunadək olan ayların sayına vurulmaqla hesablanacaq.
medicina.az