30 may - Beynəlxalq Dağınıq Skleroz tarixi

  • 2022.05.30 14:37
  • 2170 Baxış
30 may - Beynəlxalq Dağınıq Skleroz tarixi

Dağınıq skleroz baş-beyni, görmə sinirlərini, onurğa beynini zədələyən xəstəlikdir və orqanizmdə müvafiq funksiyaların pozulmasına səbəb olur.


Beynəlxalq Dağınıq Skleroz Günü həmin problemlə məşğul olan Beynəlxalq Federasiya tərəfindən təsis edilib. Statistik məlumatlara əsasən, dünya üzrə dağınıq sklerozdan əziyyət çəkən xəstələrin sayı təxminən 2,3 milyon nəfərdir.


Azərbaycanda dağınıq skleroz səhiyyənin aktual məsələlərindən biridir. 2018-ci il fevralın 28-də Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamla “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət tibb müəssisələrində müayinə və müalicənin həcminin, keyfiyyətinin artırılmasına, onların inyeksiya vasitələri və dərman preparatları, o cümlədən daha səmərəli preparatlarla təminatının yaxşılaşdırılması uçun lazımi şərait yaradılıb.



Dağınıq skleroz əksərən gənc yaşlarda başlayan, proqressiv artan və nəhayət, müalicə edilməzsə, ağır əlilliyə səbəb ola bilən sinir xəstəliyidir. Dağınıq sklerozun ən xoşagəlməz xüsusiyyəti insanın cavan yaşlarında ciddi əlilliyə səbəb olmasıdır.


Dünyada dağınıq skleroz xəstəliyinin sübutlu profilaktika tədbirləri işlənib hazırlanmayıb. Amma dağınıq skleroz xəstəliyində insanın immun sisteminin qeyri-normal fəaliyyətinin əsas rol oynadığını nəzərə alsaq, bu sistemi zədələyən aşağıdakı faktorları qeyd etmək vacibdir: siqaret və alkoqoldan uzaq olmaq, normal müddətli və keyfiyyətli yuxu, bizi daim sıxan psixi stress faktorlarına uyğunlaşmağa çalışmaq, doğulduğun və böyüdüyün ərazi və iqlimdə yaşamaq, mülayim dərəcəli fiziki aktivliyi təmin etmək. Belə həyat tərzi istər dağınıq skleroz, istərsə də digər sinir sistemi xəstəliklərinin profilaktikasında çox əhəmiyyətlidir.