76 yaşlı qadın 6 gün liftdə qaldı - Kuryoz olay

  • 2024.01.18 16:57
  • 981 Baxış
76 yaşlı qadın 6 gün liftdə qaldı  - Kuryoz olay
76 yaşlı Kiveli Papadjon liftdə ölüm-qalım mübarizəsi verib.

“Medicina” xəbər verir ki, 40 ildir Nyu Yorkda yaşayan qadın hər gün liftdən istifadə edirdi.


Amma bir dəfə yeni ili vətəni Kiprdə keçirmək qərarına gələn qadın Limassol şəhərində liftdə ilişib qalır.

Səhər mağazaya gedib ərzaq alıb qayıdan qadın liftə minir və lift ikinci mərtəbə ilə üçüncü mərtəbə arasında dayanır.

Nə qədər çalışsa da lifti aça bilməyən qadının köməyə çağırışları da nəticəsiz qalır.

Məsələ burasındadır ki, 4 mərtəbəli ev Milad ərəfəsi boş idi, qonşular hərə bir yerə getmişdi.

Lift o qədər köhnə, dar idi ki, qadın orda rahat otura belə bilmirdi.

Səhəri də harayına gələn olmadığını görən qadın az qala dəli olacağını xatırlayır.

“Bir an burda öləcəyimi anladım. Çünki gün bitir, hava qaralır, yenə xəbər yoxdur. Yaxşı ki, yanımda tərəvəz, meyvə var idi.

Əvvəlcə pomidorları yedim, sonra meyvələri. Üçüncü gün zəiflədim və yerə çömələrək sıxışmış halda qaldım. Arada huşum özünə gəlir mən nəsə yeyirdim. Son 2 günü transda kimi hiss edirdim, heç nə yadımda deyil”.

5 gündən sonra nənəsinə zəng çatmayan və xəbər almayan nəvə yerli xilasetmə idarəsinə zəng edir, nənəsinin mənzilinə yanğınsöndürənlər göndərilir və onlar qadını liftdə tapırlar. Təcili xəstəxanaya aparılan qadının orqanizmi susuzlaşmadan zərər görmüşdü. 1 həftəyə bərpa olan Kiveli yenidən Nyu-Yorka qayıdıb.

Həkimlərin sözlərinə görə, bu vəziyyətdə o, daha 1 sutka qala bilərdi, sonra isə bioloji ölüm baş verəcəkdi.

Aygün