ABŞ-da çalışan azərbaycanlı professor Bakıda - gənc alimlərlə görüşdü

  • 2022.10.17 14:42
  • 5798 Baxış
ABŞ-da çalışan azərbaycanlı professor Bakıda   - gənc alimlərlə görüşdü

"Yeni Klinika"da V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutununun təşkilatçılığı ilə “Müasir dövrdə tibb elminin strateji istiqamətləri” mövzusunda elmi konfrans keçirilib.

"Medicina" xəbər verir ki, ABŞ-ın Puerto-Riko Universitetinin Tibb fakültəsinin professoru, tibb elmləri doktoru Səbzəli Cavadovun mövzu üzrə məruzəsi dinlənilib.

Əvvəlcə Yaqut Qarayeva çıxış edərək konfrasın mövzusunun aktuallığından danışıb.

Səbzəli Cavadovun elmi fəaliyyəti barədə məlumat verən Yaqut Qarayeva alimin ABŞ-da fəaliyyət göstərməsinə baxmayaraq, öz Vətəni olan Azərbaycanla çox sıx münasibətləri olduğunu qeyd edib.

Diqqətə çatdırılıb ki, Səbzəli Cavadov beynəlxalq jurnallarda dərc olunmuş 130-dan çox elmi məqalənin, 3 patentin müəllifidir. O, Amerika Kardioloqlar Cəmiyyətinin, Amerika Milli Sağlamlıq institutlarının, eləcə də İngiltərə, Belçika, Çexiya və Xorvatiyanın elmi qrant komitələrinin üzvü, həmçinin 18 tibbi və tibbi-bioloji jurnalın redaksiya şurasının üzvüdür.


Məruzə ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.


Tədbirdə V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev çıxış edərək professor Səbzəli Cavadova maraqlı məruzə üçün minnətdarlığını bildirib. O, azərbaycanlı alimə Təşəkkürnamə təqdim edib.

Aygün Musayeva