Abşeron Rayon Mərkəzi Xəstəxanasında ümumi cərrahiyyənin ən mürəkkəb əməliyyatlarından hesab edilən Whipple əməliyyatının icrasına başlanılıb.
Medicina.az xəbər verir ki, ümumi cərrahiyyə komandası tərəfindən həyata keçirilən əməliyyat uğurla başa çatıb. 72 yaşlı pasiyent üzərində icra olunan cərrahi əməliyyat təxminən 6 saat davam edib.
Əməliyyat zamanı pasiyentin onikibarmaq bağırsağı, mədəaltı vəzin baş hissəsi, ümumi öd axarının distal hissəsi və öd kisəsi xaric edilib. Daha sonra həzm sisteminin davamlılığını təmin edilməsi məqsədilə mədəaltı vəzin qalan hissəsi ilə bağırsaq, ümumi öd yolu ilə bağırsaq, həmçinin mədə ilə bağırsaq arasında cərrahi anastomozlar formalaşdırılıb.
Cərrahi müdaxilə xəstəxananın uzman həkim-ümumi cərrahı İlkin Həşimov tərəfindən icra olunub.
Əməliyyatdan sonra 10 gün ərzində stasionar şəraitdə müalicə alan pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilib və evə buraxılıb.
Qeyd edək ki, Whipple əməliyyatı əsasən mədəaltı vəzin baş hissəsində yerləşən şişlərin, onikibarmaq bağırsağın və öd yollarının patologiyalarının müalicəsində tətbiq olunan mürəkkəb cərrahi prosedurdur.
Medicina.az