Ağcaqanad sancmalarına insanların reaksiyası eyni olmur. Bəzilərində sadəcə kiçik qırmızı ləkə yaranarkən, digərlərində böyük, qaşınan və şişkin sahələr meydana gələ bilər.
Medicina.az xəbər verir ki, bunun əsas səbəblərindən biri ağcaqanadın sancma zamanı dərinin altına buraxdığı tüpürcəkdir. Tüpürcəyin tərkibində olan zülallar immun sisteminin reaksiyasını aktivləşdirir və nəticədə histamin ifraz olunur. Bu isə qızartı, qaşınma və şişkinliyə səbəb olur.
Bəzi insanlarda immun reaksiyası daha güclü olduğundan sancma yerində geniş və uzunmüddətli şişkinlik yarana bilər. Bu vəziyyət xüsusilə uşaqlarda və yeni ağcaqanad növü ilə qarşılaşan insanlarda daha çox müşahidə oluna bilər. Güclü reaksiyalardan biri “Skeeter sindromu” adlanır və şişkinlik bir neçə gün, hətta 1-2 həftə davam edə bilər.
Sancma zamanı soyuq kompres şişkinliyi azaltmağa kömək edə bilər. Qaşınan nahiyəni qaşımaqdan çəkinmək də vacibdir, çünki bu, dərinin infeksiyalaşmasına səbəb ola bilər.
Qızartı getdikcə yayılırsa, ağrı və ya hərarət yaranırsa, həkimə müraciət etmək tövsiyə olunur.
Xanım,
Medicina.az