Ağciyər Xəstəlikləri Mərkəzinin Bakı Şəhər İxtisaslaşdırılmış Xəstəxanası açıldı

  • 2026.06.18 18:33
  • 112 Baxış
Ağciyər Xəstəlikləri Mərkəzinin  Bakı Şəhər İxtisaslaşdırılmış Xəstəxanası açıldı


Açılış mərasimində TƏBİB-in İcraçı direktorunun müavini Rahim Hüseynov, müşavir Töhfə Cəmilova, Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Soltan Məmmədov, Pərvanə Vəliyeva, TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva və Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov iştirak edib.


Medicina.az xəbər verir ki, ümumilikdə 38.270 kvadratmetr ərazidə yenidən qurulan tibb müəssisəsi 46 çarpayıdan ibarətdir. Xəstəxanada Diaqnostika, Anesteziologiya, reanimasiya və intensiv terapiya, Cərrahiyyə, Ağciyərdənkənar vərəm şöbəsi, o cümlədən Qeydiyyat, Aptek və Texniki dəstək bölmələri fəaliyyət göstərir.

Tibb müəssisəsi inzibati və mühəndis-texniki infeksion nəzarət tədbirləri, daxili separasiyalar və ventilyasiya sistemləri vasitəsilə tam təmin edilib, həmçinin xəstəxanada mərkəzləşdirilmiş oksigen təhcizatı sistemi qurulub.


Ağciyərdənkənar vərəm şöbəsi ambulator və 20 çarpayılıq stasionar şəraitdə sinir sistemi, plevra, sümük-oynaq, dəri, bağırsaq, limfa düyünləri və digər orqanların vərəmi üzrə geniş spektrli tibbi xidmətlər göstərilmək üçün maddi texniki bazaya və kadr potensialına malik olan ölkə üzrə yeganə şöbədir.

Cərrahiyyə şöbəsində ftizio, torakal və ümumi olmaqla ixtisaslaşdırılmış cərrahiyyə xidmətləri üçün yaradılıb. Şöbə ümumilikdə 20 çarpayılıq palatalardan və cərrahi blokdan ibarətdir.
Burada olan Cərrahiyyə bloku, soyunma-geyinmə otaqları, keçid zonalar, ayıltma və əməliyyatönü otaqlar tam müasir tibbi avadanlıqlarla təmin olunub.

Həmçinin diqqətə çatdırılıb ki, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində 1 zal və 2 boks tipli olmaqla, hərəkətli çarpayı və ortopedik döşəklərlə təmin olunmuş 6 çarpayılıq reanimasiya otaqları, tibb personalı üçün otaqlar, müşahidə sahələri yaradılıb. Bu şöbə də müasir tibbi avadanlıqlarla tam təchiz olunub.

Xəstəxanada yaradılmış Diaqnostika şöbəsində radioloji, laborator və funksional müayinələr aparılır.

Texniki dəstək bölməsində isə qazanxana, camaşırxana, təsərrüfat otaqları və anbar üçün ayrıca köməkçi sahələr ayrılıb.

Aygün M
Medicina.az