"Ağır xəstələri bir iynəyə görə saatlarla gözlədirlər" - "Bona Dea"dan ŞİKAYƏT

  • 2025.12.26 16:27
  • 117 Baxış
"Ağır xəstələri bir iynəyə görə saatlarla gözlədirlər"  - "Bona Dea"dan ŞİKAYƏT


Tanınmış politoloq Şahin Cəfərli “Bona Dea” klinikasındakı xidmət səviyyəsindən şikayətlənib.

Medicina.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, “Bona Dea” klinikası ölkənin ən modern xəstəxanalarından biri hesab olunsa da, real vəziyyət bunun əksini göstərir, burada xidmət səviyyəsi olduqca aşağıdır:

“Səhhətimdəki problemlə (oftalmoloji) bağlı “Bona Dea” klinikasına gəlmişəm. Azərbaycanın ən modern xəstəxanalarından biri sayılır. Qiymətlər də təbii ki, buna müvafiqdir. Amma təəssüf ki, xidmət çox aşağı səviyyədə təşkil olunub”.

Ş.Cəfərli qeyd edib ki,Azərbaycanda xidmət mədəniyyətinin olmaması ümumi problemdir və hər sahədə belədir:

“Amma heç olmasa, böyük pullar xərcləyib müasir, özəl xəstəxanalar inşa edənlər və verdikləri xidmətə görə böyük pullar qazananlar məsələnin bu tərəfinə diqqət etsinlər..."

Ş.Cəfərli sonda əlavə edib ki, artıq dörd saata yaxındır klinikadadır və yaşlı, səhhəti ağır olan şəxslər saatlarla bir iynənin vurulmasını gözləmək məcburiyyətində qalırlar.

Məsələ ilə bağlı “Bona Dea” ilə əlaqə saxladıq. Hospitaldan Bakupost.az-ın sorğusuna cavab olaraq bildirildi ki, şikayətdən məlumatlıdırlar və hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Lalə Novruz, BakuPost