Analiz verməyə necə hazırlaşmalısız? - Düzgün qaydalar

  • 2022.03.24 16:21
  • 2859 Baxış
Analiz verməyə necə hazırlaşmalısız?   - Düzgün qaydalar

Bir çox xəstəliklərin diaqnostikası zamanı müxtəlif analizlərdən istifadə olunur. Analizlərin düzgün nəticələri nümunələrin düzgün yığılmasından və verilməsindən asılıdır. Analizin cavabının düzgün çıxması üçün müəyyən qaydalara riayət edilməlidir.

Medicina.az xəbər verir ki, həkim-reanimatoloq Şahin Məmmədov "Facebook"da bu barədə tövsiyələr verib.

Analizi qandan vermək istəyənlər aşağıdakılara diqqət etməlidir:

- Ən azı 12 saatlıq tam ac olmaq lazımdır. Axşam yeməyi yüngül olmalıdır. Koffeinli içkilər (kola, tünd çay, enerji içkiləri, kofe və s.) olmaz. Həmçinin yerkökü, balqabaq, sitrus meyvələri yemək olmaz. Biokimyəvi analiz verəcəksinizsə, axşam yeməyi ümumiyyətlə məsləhət görülmür.

- Analiz verməmişdən qabaq 3 gün ərzində yağlı qidalardan imtina etməlisiniz.

- Analizdən qabaq 2 gün ərzində alkoqollu içkilər, isti vanna, sauna və fiziki yüklənmə olmaz.

- Əgər sizdən həm də rentgen tələb olunursa, əvvəlcə rentgendən keçməməlisiniz. Qan analizi bütün müayinələrdən və terapevtik prosedurlardan - masaj, iynə vurulması və s. öncə olmalıdır. Həm də labaratoriya önündə növbə olmasa belə, ilk növbədə qan analizi verilməlidir. Analizdən ən azı 15 dəqiqə öncə dincəlməlisiniz. Laboratoriyanın 1-ci mərtəbədə olması daha yaxşı olar. Belə olan halda pasiyent pilləkənləri qalxmaq məcburiyyətində qalmaz.

- Analiz verdiyiniz gün dişləri yumaq, saqqız çeynəmək olmaz.

- Hormon analizi veriləcəksə, 1 ay əvvəldən bütün hormonal preparatlar dayandırılmalıdır (həkim icazə verirsə).

- Qalxanvari vəz hormonu analizindən əvvəl 3 gün ərzində yod tərkibli preparat, yodla zəngin qida, qoz, yodlaşdırılmış duzdan istifadə olmaz.

- Hipofiz və cinsi hormon analizi veriləcəksə, analizdən qabaq 2 gün ərzində cinsi əlaqə olmaz.

Həkim əlavə edib ki, qeyd olunan qaydalara riayət olunmazsa, analizləri təkrar vermək lazım olacaq, yaxud pasiyentə düzgün olmayan müalicə tətbiq olunacaq.