“Caspian International Hospital” klinikanın vəzifəli şəxslərinə cinayət işinin açılması ilə bağlı yerli mətbuatda yayılan iddialara cavab verib.
Klinikadan Medicina.az -a bildirilib ki, sözügedən iddialar əsassızdır.
"Bəzi nüanslara aydınlıq gətirmək üçün bildiririk ki, Aytən Səfərova Fəxrəddin qızı klinikamızda fasilələrlə uzun müddət çalışıb. Sonuncu əmək müqaviləsi 01.09.2023-cü il tarixində bağlanıb. Lakin, onun haqqında pasiyentlərdən çoxsaylı şikayətlər olduğu və sonsuzluğun müalicəsində effektivliyin azaldığı, habelə pasiyentlərə qarşı hörmətsiz yanaşdığı nəzərə alınaraq 11.12.2024-cü ildə əmək müqaviləsinə xitam verilib.
Onu da nəzərinizə çatdıraq ki, Aytən Səfərovanın bir çox pasiyenti müalicədən qeyri-məmnun qaldığı üçün ödəniş etməkdən imtina edib. Nəticədə klinikaya olunmalı ödənişləri hələ də borc olaraq qalmaqdadır. O cümlədən, pasiyentlər dəfələrlə hüquq-mühafizə orqanlarına və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə həkim Aytən Səfərovadan şikayətlər edib. Hətta bir neçə pasiyent intihar etmə həddinə çatıb, onlardan üzərinə benzin töküb özünü yandırmağa cəhd edən də olub".
Həmçinin qeyd olunub ki, pasiyentlərə faydalılıq Caspian International Hospital üçün ümdə prioritetlərdən olduğundan Aytən Səfərovanın dolayı yollarla klinikaya qayıtmaq üçün etdiyi müraciətlər rəhbərlik tərəfindən müsbət dəyərləndirilməyib, işə bərpa olunması uyğun görülməyib:
"Aytən Səfərova ilə əmək müqaviləsinə xitam verildikdən təqribən 10 ay sonra, 2025-ci ilin sentyabr ayında klinika rəhbərliyinə zəng edən və özünü Aytən Səfərovanın vəkili kimi təqdim edən şəxs 11000 manat vəsaitin kartlarından oğurlandığını iddia edib. Üzərindən 10 ay keçdikdən sonra guya necə olubsa, sonuncu kartında vəsaitin olmadığı qənaətinə gəlib. Vəkil məsələnin aydınlaşdırılması üçün klinikaya dəvət olunsa da, görüşdən imtina edib və Aytən Səfərovanın bu görüşə icazə vermədiyini bildirərək, klinikanı məhkəməyə verməklə hədələyib".
Klinikadan bildirilib ki, hazırda bu məsələ hüquqi müstəvidə araşdırılır.
"Maraqlıdır ki, Aytən Səfərova Fəxrəddin qızı 20 noyabr 2025-ci ildə Xəzər TV-yə verdiyi açıqlamada xəbərin "Caspian International Hospital" tərəfdən qəsdən yayıldığını iddia edib. Onun məntiqi ilə belə çıxır ki, biz özümüz-özümüz haqda şikayət yazdırırıq. Yayılmış digər məlumatlar kimi, bu yanaşma da şər və böhtandan başqa bir şey deyil.
Bu məlumatları dəqiqləşdirmədən, həmçinin təqsirsizlik prezumpsiyasının tələblərini kobud şəkildə pozaraq məsələ ilə bağlı heç bir rəsmi qurumdan açıqlama almadan, tələm-tələsik hazırlanmış, dezinformasiya xarakterli yazıları yaymaq, illərlə əhaliyə tibbi xidmət göstərən böyük bir tibb müəssisəsini "oğru" kimi təqdim etmək nə peşəkarlığa, nə jurnalist etikasına, nə də MEDİA haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə sığmır. İşgüzar nüfuzumuza zərər vuran və bizi narahat edən bu halı pisləyir və bu məsələ ilə bağlı yazı verən saytlardan ədalət naminə təkzib vermələrini tələb edirik.
Həmçinin tövsiyə edirik ki, mətbuat Aytən Səfərovanın pasiyentləri arasında rəy sorğusu keçirərək həkimin səriştəsini, pasiyentlərə nə qədər faydalı olduğunu və adı çəkilən həkimdən edilən şikayətləri qiymətləndirsin. Bundan sonra əsil həqiqətlərin üzə çıxacağından əminik", - deyə “Caspian International Hospital”ın açıqlamasında vurğulanır.