Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur

  • 2024.04.30 23:15
  • 511 Baxış
Bu “qrip” çox fərqlidir! –  İlk növbədə mədəni vurur
Ürəkbulanma, qusma, qarın ağrısı, ishal, yüksək hərarət...

Xüsusilə yaz və payız aylarında “mədə qripi” olaraq da bilinən qastroenterit geniş yayılır.

Medicina.az xəbər verir ki, daxili xəstəliklər üzrə uzman Prof. Dr. Aytaç Atamer diqqət edilmədikdə orqanizmi məhv edə biləcək təhlükəli xəstəlikdən bəhs edib.

Mədə-bağırsaq sistemi infeksiyasının “qastroenterit” adlandırıldığını bildirən Prof. Dr. Aytaç Atamer qeyd edib ki, qastroenterit klinik olaraq ürəkbulanma, qusma, qarın ağrısı, ishal və ya yüksək hərarət kimi şikayətlərlə özünü göstərir:

“Xəstəliyin əksər hallarda mənbəyi viruslardır. Bunlar rotavirus və ya norovirus ola bilər. Xüsusilə uşaqlarda daha çox viral mənşəli olur. Bundan başqa, qastroenterit bakterial, nadir hallarda isə parazitar mənşəli olur”.

Qastroenterit xəstəliyinin müxtəlif faktorlarla meydana gəldiyi üçün müalicəsinin mümkün olduğunu ifadə edən professor viral qastroenteritdə antibiotik müalicəsinin faydasız olduğunu qeyd edib:

“Amma bakterial və ya parazitar mənşəli hallarda dərman müalicəsi lazımdır”.

Qastroenterit xəstəliyinin xüsusilə yaz və payız aylarında çox rast gəlindiyini vurğulayan Dr. Aytaç Atamer sözlərinə belə davam edib:

“Bu dövrlər mövsümi keçid olduğu üçün orqanizmin sistemi zəifləyir, infeksiyalara qarşı müqavimət azalır. Qidalanma və gigiyena şərtlərinə əməl olunmadıqda bu xəstəliyə daha çox rast gəlinir”.

Həkimin sözlərinə görə, xəstəlik zamanı lifli və yağlı qidalardan uzaq durmaq lazımdır.

“Daha çox qaynadılmış tərəvəz və ya meyvə yeyilə bilər. Burada vacib olan maye itkisinin qarşısını almaqdır. Böyük miqdarda maye itkisi olduqda böyrək funksiyaları təsirlənir. Maye itkisinin qarşısını aldıqdan sonra qastroenteriti məhdudlaşdırmaq daha asandır”, - deyə professor qeyd edib.


Aysel