ANAMA əməkdaşı minaya düşdü: Ayağı amputasiya edildi

  • 2026.09.10 12:00
  • 118 Baxış
ANAMA əməkdaşı minaya düşdü:  Ayağı amputasiya edildi

Xocalı rayonunun Daşkənd kəndi ərazisində baş verən mina hadisəsi nəticəsində xəsarət alan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) əməkdaşının sol aşıq baldır oynağı nahiyəsi amputasiya edilib.

Medicina.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, 1990-cı il təvəllüdlü kişi Xankəndi Şəhər Mərkəzi Xəstəxanasından daha ixtisaslı tibbi xidmət almaq üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə təxliyə olunub.

Hazırda əməliyyat icra olunur.

***11:32

Xocalı rayonunun Daşkənd kəndində mina partlayışı nəticəsində xəsarət alan şəxs Bərdə Şəhər Diaqnostika Mərkəzinə təxliyə edilib.

Medicina.az APA-ya istinadən xəbər verir ki, xəsarət alan şəxsə Xankəndi Şəhər Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Bərdəyə köçürülüb.

Hazırda onun əməliyyat olunacağı gözlənilir.

Faktla bağlı araşdırma aparılır.

***09:46

Xocalı rayonunun Daşkənd kəndi ərazisində 2026-cı il 10 sentyabr tarixində mina hadisəsi baș verib.

Bu barədə Medicina.az -a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, Agentliyin əməkdaşı 1990-cı il təvəllüdlü Həsənov Anar İftixar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Hadisə nəticəsində Həsənov Anar sol ayağından xəsarət alıb.

Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.

***09:21

Xocalı rayonunda Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı minaya düşüb.

Medicina.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Daşkənd kəndi ərazisində baş verib.

Qurumun əməkdaşı ərazidə minatəmizləmə işləri apararkən mina partlayışı baş verib. Hadisə nəticəsində o xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.