Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

DSX-nin hərbi hospitalında doğum şöbəsi açıldı - FOTOLAR

  • 2024.06.13 09:09
  • 1316 Baxış
DSX-nin hərbi hospitalında doğum şöbəsi açıldı -  FOTOLAR
İyunun 12-də Bakıda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hospital kompleksinin doğum şöbəsinin açılışı olub.

Medicina.az xəbər verir ki, Bakının Fətəli xan Xoyski küçəsi, 99 ünvanında yerləşən hospital kompleksinin doğum şöbəsinin açılış mərasimində Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalının rəisi Şükür Eyvazov, doğum şöbəsinin rəisi, cərrah mama-ginekoloq Yeganə Əliyeva və şöbənin digər əməkdaşları iştirak ediblər.

Əlamətdar gündə iki körpə də dünyaya gəlib.

Dövlət Sərhəd Xidmətinin yeni hərbi hospital kompleksinin doğum şöbəsinin fəaliyyəti barədə məlumat verən Yeganə Əliyeva bu gün burada dünyaya gələn hər iki körpənin sağlam olduğunu da bildirib:

“Bu gün mənim sevincimin həddi-hüdudu yoxdur. Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevə öz təşəkkürlərimi bildirirəm ki, bizim üçün belə, bütün standartlara uyğun olan hospital öhdəmizə verib. Bu gün ən əlamətdar günlərdən biridir. İki anamız övladının dünyaya gəlişini gözləyirdi. Hər iki xanımda da təkrar keysəriyyə əməliyyatları baş tutdu. Bu gün burada bizim sərhəddimizi qoruyacaq olan əsgərlərimiz dünyaya gəldi. Hər birimiz həyəcanlı və sevincliyik”.

Hospitalın üçüncü mərtəbəsində yerləşən şöbə ən yeni tibbi avadanlıqlarla təchiz edilib.

Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hospital kompleksinin açılışı yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə baş tutub.

Qeyd edək ki, hərbi hospitalın köhnə binası XX əsrin 70-ci illərində inşa olunub. Yeni hərbi hospitalda ən son elmi-texniki nailiyyətlərə və müharibə təcrübəsinə əsaslanan tibbi müayinə və müalicə imkanları yaradılıb.

Səkkiz mərtəbədən və köməkçi binalardan ibarət hərbi hospitalın inşası müasir texnologiyalar və qabaqcıl təcrübələr əsasında həyata keçirilib. Ümumi sahəsi 24.760 kvadratmetr olan 240 çarpayılıq binada 903 otaq, 17 şöbə, 80 palata mövcuddur. Hərbi dövrdə çarpayı sayının 700-ə çatdırılması imkanları vardır.

Binada gözləmə, konfrans, yataq, yemək otaqları yaradılıb, intensiv terapiya və tibbi heyət üçün bölmələr fəaliyyət göstərir.