2023-cü ildə Abşeronun Novxanı kəndindəki bağ evində qətlə yetirilən plastik cərrah Türkan Gündüzün qızı Həlimə atalığından şikayətçidir.
Medicina.az Axşam.az-a istinadla xəbər verir ki, bu barədə Həlimə videoaçıqlama yayıb.
O bildirib ki, qətli törədən və hazırda həbsdə olan atalığı Məhəmməd Gündüz (Muhammet Gündüz) onu narahat edir. Qız M.Gündüzün ona anasından qalan mülkləri almağa çalışdığını iddia edib.
Həlimə əlavə edib ki, 3 ildir bununla mübarizə aparır:
“Təəssüf ki, mənim atam olan Məhəmməd Gündüzə görə harasa çıxıb əziyyətimi demədim. İllərdir nələr yaşadım. Vəkillərinin qanunsuz etdikləri ilə mübarizə apardım. 3 ildir bilmirəm anamın acısını yaşayım, yoxsa məktəbimi oxuyum. Anamın istədiyi kimi məktəbimi oxuyub qurtarmağa çalışıram. Azərbaycanda xeyirxah bir həkim olmağa çalışıram. Çünki bunlar imkan vermir (atası Məhəmməd Gündüz və onun ilk evliliyindən olan qızı Büşranı nəzərdə tutur - red.), kirayə verdiyim evə girirlər, vəkil vasitəsilə kirayənişinlərimi narahat edirlər. Mən haradan pul qazanmalıyam? İki yerdən qazancım var: Türkiyədən və Azərbaycandan. Ancaq bunlar imkan vermirlər. "Həliməyə və Sibelə necə zərər verə bilərəm" deyən ata ilə mübarizə aparıram.
Anamı öldürüb mənə dağ çəkməsi yetmirmiş kimi, ondan qalan mirasları öz qızının (ögey bacısı Büşra Gündüzü nəzərdə tutur) adından ələ keçirmək istəyir. Halbuki anamı elə balaca bacımın gözləri qarşısında öldürmüşdü, o hər şeyi görmüşdü, aylarla danışa bilmirdi qorxusundan. İndi də anamdan qalan əmlakdan aldığımız pulu bizə çox görür”.
Şikayətçi anası ilə atalığının evlilik dövründə əldə edilmiş əmlaklarının bölündüyünü, bunun ədalətsiz olduğunu da deyib.
Qeyd edək ki, Türkan Gündüz ixtisaslı plastik cərrah, koloproktoloq olub. O, bir sıra tanınmış klinikalarda, eləcə də Türkiyədə “Acıbadem” xəstəxanasında fəaliyyət göstərib, son iş yeri Bakıda “City Hospital” klinikası olub.
Medicina.az