İnsan beyni böyüyür: demensiya tarixə qarışacaq?

  • 2024.04.22 14:14
  • 508 Baxış
İnsan beyni böyüyür:  demensiya tarixə qarışacaq?
Yeni araşdırmalar göstərir ki, insan beyninin ölçüsü zamanla tədricən artır və bu, gənc nəsillərdə demans riskini azalda bilər.

Medicina.az xəbər verir ki, yaşı 55-65 arasında olan üç mindən çox amerikalı ilə aparılan araşdırma, 1970-ci illərdə doğulanların 1930-cu illərdə doğulanlara nisbətən ümumi beyin həcminin 6,6 faiz daha çox olduğunu ortaya qoyub.

“X nəsli”nin üzvləri (1965-1980-ci illər arasında doğulanlar) isə “Səssiz nəsil” üzvlərinə (1928-1945-ci illər arasında dünyaya gələnlər) nisbətən demək olar ki, 8 faiz daha çox ağ maddə həcminə və təxminən 15 faiz daha çox boz maddə səthinə malikdirlər.

Yaddaş və öyrənmədə mühüm rol oynayan beynin hipokampus adlanan xüsusi hissəsi tədqiq edilən ardıcıl nəsillərdə həcmcə 5,7 faiz genişlənib. Boy, yaş və cins kimi digər amillər nəzərə alındıqdan sonra belə nəticə dəyişməyib.

Tədqiqata rəhbərlik edən Kaliforniya Davis Universitetinin nevroloqu Çarlz DeKarli bildirir ki, "insanın doğulduğu onillik beyin ölçüsünə və potensial olaraq uzunmüddətli beyin sağlamlığına təsir göstərir".

"Genetika beyin ölçüsünün müəyyən edilməsində mühüm rol oynayır. Lakin əldə etdiyimiz nəticələr göstərir ki, sağlamlıq, sosial şərait, mədəniyyət və təhsil kimi faktorlar, yəni xarici təsirlər də ən az genetika qədər rol oynaya bilər”, - deyə Çarlz DeKarli vurğulayıb.

Bu gün demans bütün dünyada on milyonlarla insana təsir edir və dünya əhalisinin qocalması ilə yaxın 30 ildə xəstəlikdən əziyyət çəkənlərin sayı 3 dəfə artacaq.

Ancaq tədqiqatçılar beyində ümidverici dəyişikliklərin getdiyinə inanırlar. Belə ki, son 30 ildə ABŞ və Avropada demans halları hər on ildə təxminən 13 faiz azalıb.

Gənc nəsillərin daha sağlam və şüurlu həyat tərzini seçməsinin bunda əsas rol oynadığı ehtimal olunur.

Qeyd edək ki, demansiya bir çox digər idrak prosesləri ilə yanaşı, yaddaş, öyrənmə və düşünmədə rol oynayan korteks adlanan beynin boz maddəsinin incəlməsi ilə özünü göstərir.


Aysel