Marixuana ilə bağlı daha bir həqiqət üzə çıxdı

  • 2024.06.24 12:58
  • 587 Baxış
Marixuana ilə bağlı daha bir həqiqət üzə çıxdı
Marixuananın Covid-19-a yoluxma riskini azaltdığı ilə bağlı şayiələr təkzib edilib.

Medicina.az xəbər verir ki, marixuanadan istifadənin düşünülənin əksinə, Covid-19-a yoluxma riskini artırdığı məlum olub.

2019-cu ildə ortaya çıxan və bütün dünyaya yayılan koronavirusun yaşlılarda, eləcə də şəkərli diabet xəstələrində və siqaret aludəçilərində daha ağır fəsadlar törətdiyi çoxdan məlumdur.

Bununla belə, elm dünyası marixuananın xəstəliyin şiddətinə necə təsir etdiyi barədə konsensusa gələ bilmirdi.

Xalq arasında bu bitkinin koronavirusdan qoruduğuna dair inanclar yaranmışdı.

2021-ci ildə nəşr olunan bir araşdırma marixuana aludəçilərinin Covid-19-a yoluxma riskinin daha yüksək olduğunu müəyyən etdi. Ancaq ötən il aparılan digər bir araşdırma marixuana istifadə edən Covid-19 xəstələrinin ondan istifadə etməyənlərə nisbətən daha müsbət sağlamlıq nəticələri göstərdiyini, eləcə də onların ölüm riskinin daha az olduğunu göstərdi.

“JAMA Network Open” jurnalında dərc edilən yeni araşdırma isə marixuananın ağır Covid-19 keçirmək riskini demək olar ki, siqaret çəkmək qədər artırdığını aşkar edib.

Araşdırma zamanı ABŞ-ın Missuri və İllinoys ştatlarında Covid-19 müalicəsi alan 72 min 501 nəfərin məlumatları təhlil edilib.

Alimlər qeyd ediblər ki, xəstəliyə yoluxmadan əvvəl ildə ən azı bir dəfə marixuana istifadə etdiyini bildirən insanların, istifadə etməyənlərə nisbətən xəstəxanaya və ya reanimasiyaya yerləşdirilmə ehtimalı daha yüksəkdir.

Siqaret çəkmə, peyvənd vəziyyəti, digər sağlamlıq vəziyyəti, diaqnoz tarixi və demoqrafik faktorlar nəzərə alındıqda, marixuana istifadəçilərinin xəstəxanaya yerləşdirilmə ehtimalı 80 faiz, reanimasiyaya yerləşdirilmə ehtimalı isə istifadə etməyənlərə nisbətən 27 faiz daha çox olub.

Tütün çəkən Covid-19 xəstələrinin siqaret çəkməyənlərlə müqayisədə xəstəxanaya yerləşdirilmə ehtimalı 72 faiz və reanimasiyaya yerləşdirilmə ehtimalı isə 22 faiz daha çox idi.

“İctimaiyyət arasında marixuanadan istifadənin təhlükəsiz olduğu, onun sağlamlığa siqaret və ya içki qədər pis təsiri olmadığı, hətta yaxşı təsiri də ola biləcəyi kimi bir fikir var. Bu, tütün və ya spirtlə müqayisədə marixuananın sağlamlığa təsiri ilə bağlı çox araşdırma aparılmamasından qaynaqlanır. Covid-19 kontekstində marixuana istifadəsinin zərərsiz olmadığını gördük”, - deyə tədqiqatı aparan komanda bildirib.

Marixuananın niyə belə təsirə malik olması sualına isə dəqiq cavab verilməyib. Bir ehtimal odur ki, tütün tüstüsü ağciyərlərə zərər verdiyi kimi, marixuana tüstüsü də həssas ağciyər toxumasını zədələyir və insanı infeksiyaya daha açıq hala gətirir.


Aysel