Son vaxtlar sosial şəbəkələrdə Azərbaycanda yaşayan gənc qadınlara Gürcüstanda yüksək məbləğ qarşılığında “daşıyıcı ana” olmaları ilə bağlı təkliflərə rast gəlinir.
Bu elan-təkliflər əsasən 20-39 yaş arası qadınları hədəfləyir və onlara müxtəlif şərtlərlə yüksək ödənişlər vəd edilir. Məlumata görə, proses Gürcüstanın paytaxtı Tiflisdə fəaliyyət göstərən bəzi klinikalar vasitəsilə həyata keçirilir. Qeyd olunur ki, iştirakçıların yol və yaşayış xərcləri də klinikalar tərəfindən qarşılanır.
Daha ətraflı məlumat almaq üçün sözügedən elanlardan birində göstərilən nömrə ilə əlaqə saxladıq.
Əməkdaşımıza bildirildi ki, 20–35 yaş arası qadınlara 17 000 ABŞ dolları, 36–39 yaş arası qadınlara isə 15 000 dollar məbləğində ödəniş təklif olunur. Bundan əlavə, aylıq ödənişlər və hamiləlik mərhələlərinə görə müxtəlif bonusların da nəzərdə tutulduğu qeyd edildi.
Qeyd edək ki, surroqat analıq, uşaq sahibi ola bilməyən cütlüklərin istifadə etdiyi alternativ reproduktiv üsullardan biridir. Belə ki, qadın genetik olaraq ona aid olmayan embrionu bətnində daşıyır və dünyaya gətirir, daha sonra isə körpə əsl valideynlərinə təhvil verilir.
Azərbaycanda "daşıyıcı analıq" qanuni olmasa da, mövzu zaman-zaman ictimai, hətta parlament səviyyəsində müzakirələrə çıxarılır.
Maraqlıdır, bu proses Azərbaycanda da qanuniləşdirilməlidirmi?
Məsələ ilə bağlı Bakupost.az-a danışan tibb elmləri doktoru, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, mövzuya yalnız emosional və ya yalnız ənənəvi yanaşma ilə deyil, həm də tibbi, hüquqi, etik və sosial aspektlərdən baxmaq lazımdır.
Onun sözlərinə görə, hazırda Azərbaycanda “surroqat ana” praktikası qanunvericilikdə faktiki olaraq icazəli hesab edilmir və bu istiqamətdə hüquqi baza formalaşmayıb:
“Mövzu müxtəlif dövrlərdə parlament və ictimai müzakirələrə çıxarılsa da, qanunvericilik səviyyəsində qəbul edilməyib.
Bir həkim və millət vəkili kimi hesab edirəm ki, burada əsas sual “tam sərbəst olsun, ya tam qadağan edilsin” sualından daha mürəkkəbdir. Çünki bir tərəfdən tibbi səbəblərlə, məsələn, anadangəlmə uşaqlığın olmaması, ağır ürək, onkoloji və ya həyati risk yaradan xəstəliklər səbəbindən hamilə qalması mümkün olmayan qadınlar var.
Belə ailələr üçün genetik olaraq öz övladına sahib olmaq çox ciddi psixoloji və ailəvi ehtiyacdır. Bu baxımdan bəzi ölkələrdə surroqat analıq müəyyən tibbi göstərişlər əsasında ciddi nəzarətlə tənzimlənir”.
Deputat qeyd edib ki, nəzarətsiz və kommersiya xarakterli surroqat analıq ciddi risklər yaradır:
“ Burada qadın əməyinin və qadın bədəninin kommersiyalaşdırılması, sosial cəhətdən həssas qadınların maddi ehtiyac səbəbindən istismara məruz qalması, doğulan uşağın hüquqi statusu, ana–uşaq münasibətləri, valideynlik hüququ, psixoloji travmalar və hətta insan alverinə yaxın risklər ortaya çıxa bilər. Bu gün sosial şəbəkələrdə “Gürcüstana aparılır, yüksək məbləğ ödənilir” tipli elanların artması məhz hüquqi boşluqlar və qeyri-rəsmi mexanizmlərin formalaşdığını göstərir və dövlətin diqqətində olmalıdır.
Əgər nə vaxtsa bu məsələ gündəmə gələrsə, mənim yanaşmam yalnız çox məhdud, tibbi göstərişli və sərt dövlət nəzarəti altında olan modelin müzakirə edilə bilməsi istiqamətində olardı. Yəni bu, kommersiya bazarı formasında deyil, yalnız ailədaxili və ya altruistik prinsiplərlə, etik komissiyaların, məhkəmə-hüquqi mexanizmlərin, psixoloji ekspertizanın və tibbi göstərişlərin iştirakı ilə mümkün ola bilər. Məsələn, sırf tibbi olaraq hamiləliyin qadının həyatı üçün təhlükəli olduğu və başqa çıxış yolunun olmadığı hallarda.
Ancaq indiki mərhələdə cəmiyyətin hazırlığı, hüquqi mexanizmlərin yetkinliyi və sui-istifadə riskləri nəzərə alınanda, bu mövzuda çox ehtiyatlı yanaşmanın tərəfdarıyam. Dövlətin əsas məqsədi həm ailə institutunu, həm qadının hüquqlarını, həm də doğulacaq uşağın maraqlarını qorumaq olmalıdır. Bu məsələdə emosiyalar deyil, insan hüquqları, tibbi etika və hüquqi təhlükəsizlik əsas prinsip kimi götürülməlidir”.
MEDİCİNA,AZ