Azərbaycan tibb tarixində ilk - Qolaltından tək kəsiklə ZOB ƏMƏLİYYATI

  • 2021.12.07 15:58
  • 7031 Baxış
Azərbaycan tibb tarixində ilk  - Qolaltından tək kəsiklə ZOB ƏMƏLİYYATI

Masallı Bioloji Təbabət klinikasının Cərrahiyyə Mərkəzində Azərbaycan səhiyyəsi üçün əlamətdar sayılan əməliyyat icra edilib.

Medicina.az xəbər verir ki, Türkiyədə təhsil almış uzman cərrah doktor Alim Əkbərov və klinikanın tibb heyəti tərəfindən “Tək kəsikli endoskopik qalxanabənzər vəzinin çıxarılması əməliyyatı” baş tutub. Bu metodda əməliyyat boyunda kəsik aparmadan, qoltuqaltından tək portla girilməklə icra edilib. Belə bir əməliyyat ölkədə ilk dəfə icra edilir.

Klinikaya boyunda şişkinlik şikayəti ilə müraciət edən 56 yaşlı xanım pasiyent klinik, laborator və instrumental müayinələrdən keçirildikdən sonra onda qalxanabənzər vəzinin (zob) sağ payında 2 sm-lik düyün aşkar olunub.

Protokola əsasən İİAB (incə iynə aspirasiya biopsiyası) olunub, İİAB-nin nəticəsi follikulyar neoplazma olaraq bildirilib.

Pasiyent sağ hemitiroidektomiya qərarı ilə əməliyyata alınıb, əməliyyat ilk dəfə olaraq tək kəsikli endoskopik üsulla icra olunub. Əməliyyat 1.5 saat davam etdi. Əməliyyatdan sonra pasiyent palataya verildi və 1 gün sonra evə yazılıb.


Endoskopik tiroid (zob) cərrahiyyəsi dünyada çox nadir icra olunan əməliyyatlardan biridir. Bu əməliyyat çox az sayda ölkələrdə icra olunur, artıq ölkəmiz də bu ölkələr siyahısına daxil olmuş olub.

Xatırladaq ki, endoskopik tiroid cərrahiyəsi ölkəmizdə də bir neçə üsulla icra olunurdu (BABA, ABBA, TOETVA). Lakin SIET (Tək kəsiklə endoskopik tiroidektomiya) üsulu ilə qalxanabənzər vəzinin çıxarılması əməliyyatı ilk dəfə Masallı Bioloji Təbabət Klinikasında icra olunub.


Azərbaycan tibb tarixində ilk  - Qolaltından tək kəsiklə ZOB ƏMƏLİYYATI