Azərbaycana başqa ölkədən “həkim”, cadugər gəlib müayinə keçə bilməz – Tanınmış həkimdən etiraz

  • 2026.03.17 18:05
  • 99 Baxış
Azərbaycana başqa ölkədən “həkim”, cadugər gəlib müayinə keçə bilməz  – Tanınmış həkimdən etiraz

Etiraf edək ki, xalq olaraq inanclıyıq və hətta inancı olmayan bütün insanlara hörmət duyarıq. Ölkəmizin dünyəvi olduğunu və dünyəvi qaydalarla idarə olunduğu da məlumdur. Özbək “həkim” mövzusu ölkədəki “qonaq həkim” məsələsini və “qonaq həkim” qaydalarının kontrolsuz olduğunu göstərdi.


Medicina.az xəbər verir ki, bu barədə endokrinoloq Fərhad Burzi səhiyyə dəllalarından yazıb.


“Belə çıxır ki, ölkədə hər hansı digər bir ölkədən hər hansı bir həkim, falçı, cadugər, gəlib müayinələr, prosedurlar, ayinlər keçirə bilər. Bütün bu məsələlər qayda qanunlarla necə idarə olunduğu və nəzarət kontrol mexanizminin çalışmadığını hər kəs gördü. İllərdir ki, ölkədə işləmə icazəsi olmayan hər hansı bir digər ölkələrin həkimləri rahat şəkildə gəlib insanlarımıza ağıllarından keçən “müalicələri” edib aradan çıxa bilirlər. Necə olsa məsuliyyətləri yoxdur. Çünki ağırlaşmış xəstə qarşısında məsul olan heç kim olmur. Və nə həkim nə də klinika bu məsuliyyətə sahib çıxmır. Bu özbək çuf-çuf “həkim” həftələr öncə Azərbaycana gələcəyini sosial şəbəkələrdə elan edir qarşılanır və gəlir.


Bütün bu müddət ərzində izdiham yaradır və bu izdiham nəticəsində fərqli xroniki xəstəlikli orta və yaşlı nəslin nümayəndələri son bir mədət ummaq üçün ora axışır. Ölkəmizdə insanları qınamaq ən sadə bir şeydir və yanlışdır. Günlər ərzində sıravi insanların güvənini və pulunu mənimsədikdən sonra ölkədən xaric olunması qərarı doğru qərar da olsa, gecikmiş qərardır. Təbii ki, bu hadisə səhiyyəmiz üçün dərs olmalıdır.


Ölkədə işləmə icazə olmayan, mənbə və mənşəyi heç olmayan heç kim gəlib burda müalicə prosedurları keçirməməlidir.

Bu müalicə prosedurlarını keçirməyi planlayan klinikalar dəvət etdikləri həkimləri və keçirəcəyi müalicə prosedurlarını həftələr öncə Səhiyyə Nazirliyinə bildirmələri və razılıq almalıdırlar.

Razılıq almayan klinikalara dərhal müdaxilə olunmalı və cəza tədbirləri görülməli bəlkə də lisenziyaları ləğv olunmalıdır. (6000-dən artıq yüksək cəza da yaza bilmir yazıq qurum).

Dini alət edən bu kimi “həkimlər” xüsusilə, dini qurumlar və digər qurumlar tərəfindən də xüsusi nəzarətə götürülməlidir".

Aygün Musayeva