Azərbaycanda ana və uşaq ölümləri niyə artır? - Həkimdən İttiham

  • 2026.05.26 17:26
  • 98 Baxış
Azərbaycanda ana və uşaq ölümləri niyə artır?  - Həkimdən İttiham


Son illər Azərbaycanda uşaq və ana ölümlərinin sayında artım müşahidə edilir.


Milli Məclisin plenar iclasında Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın bildirdiyinə görə, 2020-ci ildə hər 100 min nəfər diri doğulana 15,8 ana ölümü düşürdüsə, 2025-ci ildə bu göstərici 27,1 olub. Hər 1000 nəfər diri doğulan uşaqlar arasında 1 yaşadək ölən uşaqların sayı isə 2020-ci ildə 9,8, 2025-ci ildə isə 13,7 təşkil edib.


Medicina.az xəbər verir ki, Tibb elmləri doktoru Adil Qeybulla Bakupost.az-a bildirib ki, yaranmış vəziyyətin məsuliyyəti TƏBİB-in üzərindədir:

“Bu statistikada əhali artımı da nəzərə alınmalıdır. Çünki bu amil də müəyyən qədər həmin statistikaya təsir edir. Amma bütövlükdə ana və uşaq ölümlərinin artımı işin təşkilinin zəifliyindən qaynaqlanır. Doğum evləri TƏBİB-in nəzarətindədir”.

Həmsöhbətimizin sözlərinə görə, iki icra strukturunun bir sahəyə rəhbərliyi həmin sahənin inkişafına deyil, daha çox staqnasiyaya və bu cür məsələlərə gətirib çıxarır.
A.Qeybulla təəssüflə qeyd etdi ki, ölkədə hələ də ailə planlanması ilə bağlı infrastruktur yoxdur:

“Ana və uşaq ölümlərinin səbəbi əsasən qadınların səhhətinə təhlükə yaradan xəstəliklərlə hamiləliyə girmələridir. Digər tərəfdən, hamiləliyin özünün patoloji keçməsi də burada öz sözünü deyir. Yəni sistemsiz, beynəlxalq standartlara uyğun gəlməyən belə bir vəziyyətdə bu cür nəticələrə təəccüblənməyə dəyməz”.

Medicina.az