Azərbaycanda autizmli uşaqların sayı artır, bu, böyük dərddir- Qənirə Paşayevadan çağırış

  • 2019.01.25 17:57
  • 14499 Baxış
Azərbaycanda autizmli uşaqların sayı artır, bu, böyük dərddir-  Qənirə Paşayevadan çağırış
Autizm – ağır psixiki xəstəlikdir. Belə xəstəliklə doğulmuş uşaq ailəsi üçün çətin bir sınaqdır. Son illər ölkəmizdə autizmli uşaqların sayı artır. Lakin ölkədə autizmli övladları olan ailələrə yardımın göstərilməsi ilə bağlı nə hər hansı qanun, nə də Dövlət proqramı var.


Medicina.az Media.Az-a istinadən xəbər verir ki, millət vəkili Qənirə Paşayeva  parlamentdə etdiyi çıxışda, autizmin son zamanlar təhlükəli forma aldığını, autizmli uşaqların sayının ildən-ilə artdığını vurğulayıb.


Deputatın sözlərinə görə, ona və digər deputatlara az qala hər gün autizmli uşaqlar böyüdən ailələrdən çoxsaylı müraciətlər daxil olur.


"Valideynləri uşaqlarının səhhəti ciddi şəkildə narahat edir. Bu, adi bir xəstəlik deyil, böyük dərddir. Ona görə də hesab edirəm ki, bu xəstəliklə bağlı yenin qanunvericiliyin hazırlanmasına, həmçinin, bu məsələ ilə əlaqədar ictimai dinləmələr keçirməyə ehtiyac var”, - deyə Q.Paşayeva bildirib.

 


 Övladı autizmdən əziyyət çəkən Ülkər Nəzirova da o fikirdədir ki, autizmdən əziyyət çəkən uşaqlarla bağlı qanun və ya dövlət proqramı mütləq qəbul olunmalıdır.


Onun sözlərinə görə, bu gün dövlət autizmdən əziyyət çəkən uşağa 20 manat yol pulu, 80 manat əlillik təqaüdü ödəyir.


"Bu 100 manatla, əlbəttə ki, dolanmaq mümkün deyil. Üstəlik, bir çox qadınlar belə uşağın doğulmasından sonra işdən çıxmağa məcbur olur. Ona görə də müavinətlər daha yüksək olmalıdır”.


Autizmdən əziyyət çəkən övladı olan ailələr uşağın müalicəsinə daha çox pul xərcləyir. Təkcə bir həkim qəbulu 80 manata başa gəlir, hələ bahalı dərmanları demirəm. Dövlətin bu problemə müdaxilə etməsini gözləyirik”, - deyə Nəzirova fikrini tamamlayıb.