Azərbaycanda bu ayın sonuna karantin gözlənilir - Qərar veriləcək

  • 12 İyl 2022 17:16
  • 1341 Baxış
Azərbaycanda bu ayın sonuna karantin gözlənilir -  Qərar veriləcək
Son zamanlar dünyada koronavirusa yoluxma halları artır. Bununla bağlı Azərbaycanın səhiyyə qurumları da xəbərdaredici məlumat yayıb, insanları COVID-19-la bağlı arxayınlaşmamağa çağırıblar. Rəsmi məlumata görə, koronavirusa yoluxma hallarının dünya üzrə 20, Azərbaycan üzrə isə 48 faiz artdığı bildirilib. Artımın belə davam etməsi halında müəyyən tədbirlərin həyata keçiriləcəyi istisna edilməyib.

İctimaiyyəti narahat edən məsələ sərt karantin qaydalarının yenidən tədbiqi ilə bağlıdır.


Medicina.az xəbəe verir ki, bu barədə Modern.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı bildirib ki, koronavirus pandemiyası bu gün hələ də aktualdır.


“Yoluxma halları son zamanlar yenə də artmaqdadır. Bir ay əvvəl yoluxma 5 nəfər civarında idi. İndi isə yayılan statistikaya əsasən yoluxma 50 civarındadır. Buna görə də, Səhiyyə Nazirliyi və TƏBİB virusa yoluxma tempinin belə artması halında tədbir görüləcəyini açıqlayıb. Bu gün yoluxma 48 faiz artıb. İndi mən hansı karantin qaydalarının yenidən tətbiq ediləcəyini deyə bilmərəm. Bunu mütəxəssislər deyə bilər. Ancaq artım sürətlə davam edərsə, karantin qaydalarının sərtləşdirilməsi, əlbəttə, labüd olacaq”.

M.İbrahimqızının sözlərinə görə, bu ayın sonuna kimi məsələ ilə bağlı bir nəticə çıxarılacaq:


“İndi həm də elə bir fəsildəyik ki, insanların miqrasiyası, hərəkətliliyi dinamikdir. İnsanlar çimərliklərə, istirahət yerlərinə, sağlamlıq mərkəzlərinə gedir. Burada insanlar sıxlıq şəraitində olur, nəticədə təmaslar artır. Təmasların artması da yoluxmanı artırır. Ancaq bu saat nə Səhiyyə Nazirliyi, nə TƏBİB, nə də Operativ Qərargah hansı qadağanın tətbiq ediləcəyini deyə bilir. Düşünürəm ki, bu ayın sonuna qədər məsələ dəyərləndiriləcək. Bilirsiniz, hər tətbiq olunan qadağa xəstəliyə yoluxan hər bir kəsin təhlili nəzərə alınmaqla qərarlaşdırılır. Yəni xəstəliyin yoluxuculuğu, peyvəndlənmə prosesinin səviyyəsi kimi məsələlərə diqqət yetirilir. Yoluxma çoxala bilər. Ancaq bu o mənaya gəlmir ki, mütləq qadağalara gediləcək. Yəni bu məsələ kəmiyyətə yox, həm də keyfiyyətə görə dəyərləndirilir”.

Deputat sərt karantin qaydalarının tətbiqini gözləmədiyini bildirib:

“Bizim ölkədə insanlar peyvənd olunub, eyni zamanda yoluxmalar nəticəsində kütləvi immunitet də yaranıb. İndi bu xəstəlik çoxalsa da, bir növ qripin başqa ştammına çevrilib. Qeyd edim ki, ötən əsrin ortalarında qrip deyəndə bütün dünya lərzəyə gəlirdi. İndi qrip adi bir xəstəliyə çevrilib. Eyni zamanda, koronavirus da artıq zəifləyib. Ölüm halları da çox şükür azdır. Yenə deyirəm, hər halda bu məsələ ayın axırına kimi təhlil olunacaq və bir qərara gəlinəcək. Ancaq mən düşünmürəm ki, sərt qadağalar tətbiq ediləcək. Bəli, koronavirus ilk dövrlərdə çox qorxulu idi. Çünki virus təzə, peyvənd isə yox idi. İnsanlar virusla bağlı məlumatlı deyildi. İndi isə güclü maarifləndirmə nəticəsində insanlarda virusa qarşı özünümüdafiə mədəniyyəti yaranıb. Məsələn, mən özüm hələ də çox insan olan yerlərə getmirəm. Marketə gedəndə maskadan istifadə edirəm. Peyvəndləmə də olduğu üçün mən düşünmürəm ki, koronavirusla bağlı əvvəlki kimi təşviş olsun, yaxud sərt karantin qaydaları tətbiq edilsin”.

“Ancaq vətəndaşlar yenə də özünü qorumalıdır. İndi xeyir işlərə, mərasimlərə icazə verilib. İnsanlar bundan sui-istifadə edib ağını çıxartmamalıdır. Peyvənd sertifikatlarına nəzarət artmalıdır. İndi yay mövsümü ilə əlaqədar müxtəlif yerlərə gedirik, toylara da gedirik, ancaq görürəm ki, əvvəlki kimi sertifikatlara nəzarət yoxdur. Amma bu məsələdə arxayınlıq olmamalıdır”, - deyə deputat bildirib.