Azərbaycanda dövlət xəstəxanasında ilk dəfə bu əməliyyat icra edildi

  • 2022.04.20 14:17
  • 2729 Baxış
Azərbaycanda dövlət xəstəxanasında ilk dəfə  bu əməliyyat icra edildi

Dövlət tibb müəssisələri arasında ilk dəfə olaraq Kliniki Tibbi Mərkəzdə (KTM) artroskopik əməliyyatların icrasına başlanılıb. Bu, həm də Mərkəzin tarixində bir ilkdir.

Medicina.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaratdığı imkanlar hesabına müasir endoskopik cərrahiyyə sahəsində tibbin ən son texnoloji avadanlıqları alınıb və artıq iki əməliyyat uğurla başa çatıb.

Bu günə kimi Azərbaycanda endoskopik cərrahiyyə sahəsində bu cür əməliyyatlar yalnız bir neçə özəl klinikada mümkün olub.

Endoskopik cərrahiyyənin bir sahəsi olan artroskopiya müasir ortopedik cərrahiyyədə geniş istifadə olunur. Artroskopiya sözü oynağın içinə baxmaq anlamına gəlir. Bu metodun üstünlüyü oynağı açmadan onlarda müxtəlif əməliyyatları aparmağa imkan verir ki, bu da öz növbəsində xəstələrin erkən reabilitasiyası, xəstəxanada yatış müddətinin azalması, oynaqları daha geniş görmək imkanı, daha az fəsad və risk deməkdir. O cümlədən, bu cür əməliyyatlar infeksiya riskini azaltmaqla yanaşı, estetik cərrahi müdaxilə də hesab edilir.

Artroskopik cərrahiyyə aşağıdakı oynaq xəstəliklərində icra edilir:

• Menisk yırtıqlarının müalicəsində,
• Erkən dönəmlərdə oynaq kirəclərinin təmizlənməsində,
• Oynaq içərisində olan qığırdaq və sümük hissəciklərinin çıxardılmasında,
• Ön və arxa çarpaz bağ yaralanmalarında,
• Oynaqların iltihabi xəstəliklərində,
• Diz qapağının müxtəlif xəstəliklərində,
• Oynaq qığırdaq xəstəliklərində,
• Oynaqdaxili qırıqların müalicəsində,
• Diaqnostik məqsədlə,
• Cırılmış menisk hissəciklərinin çıxardılmasında,
• Oynaqlarda qığırdaq transplantasiyasında,
• Diz qapağı oxunun düzəldilməsində,
• Oynaq kontrakturalarının açılmasında,
• Oynaq içində olan xoşxassəli şiş və ya kistaların xaric edilməsində və s.

Məlumat üçün bildirək ki, artıq Kliniki Tibbi Mərkəzdə artroskopik cərrahiyyə üzrə gündəlik olaraq 4-5 əməliyyatın keçirilməsi imkanları yaranıb. Gələcəkdə bu sahənin daha da inkişaf etdirilməsi əsas prioritetlərdən biridir.