Azərbaycanda epilepsiya xəstələri niyə əməliyyat olunmur? - Professor səbəbini açıqladı

  • 2019.01.30 15:11
  • 8191 Baxış
Azərbaycanda epilepsiya xəstələri niyə əməliyyat olunmur? -  Professor səbəbini açıqladı

Azərbaycanda epilepsiya xəstələri üzərində cərrahiyyə əməliyyatının keçirilməməsinin səbəbi açıqlanıb.


Azərbaycan Tibb Universitetinin Nevrologiya və tibbi genetika kafedrasının müdiri, əməkdar həkim, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Şərif Mahalov Medicina.az-a müsahibəsində deyib ki, cərrahi müdaxiləyə ehtiyacı olan xəstələri seçərkən bir çox göstəricilər qiymətləndirilməlidir.


Professor qeyd edib ki, xəstənin həm müayinəsi, həm də əməliyyat xüsusi mürəkkəb proseduralar tələb edir: "Bu müdaxilələr xüsusi ixtisaslaşmış mərkəzlərdə yerinə yetirilməlidir. İnkişaf etmiş ölkələrdə epilepsiya ilə mübarizə göstərdi ki, ixtisaslaşdırılmış epileptik mərkəzlər epilepsiyadan əziyyət çəkən xəstələrin diaqnostika, müalicə və reabilitasiyasında yüksək effektivliyə malikdir. Respublikamızda bu cür ixtisaslaşdırılmış epileptik mərkəzin açılması yaxın gələcəkdə tam realdır”.


Bəs epilepsiyanı qeyri-ənənəvi üsullarla müalicə etmək olarmı?


Ş. Mahalov bildirib ki, əgər epilepsiya əleyhinə preparatlar tutmaları tamamilə dayandırmırsa, cərrahi müdaxiləyə göstəriş yoxdursa və ya kömək etmirsə, xəstə və yaxınları rəsmi tibbi xidmətə inamlarını itirirlər: "Nəticədə  mediada rast  gəlinən sensasiyalı elanlar onları cəlb edir və  qeyri-ənənəvi  müalicə  üsulları  ilə  məşğul  olan  mütəxəssislərə  müraciət  etməyə  vadar  edir.  Eyni  zamanda xəstəyə və onun yaxınlarına "kimyəvi  dərmanların  sistemli  şəkildə  qəbulu  orqanizmi  zəhərləyir və psixi funksiyaların  zəifləməsinə gətirib çıxarır” kimi  fikirlərə  əsaslanaraq  epilepsiya əleyhinə  dərmanların kəsilməsinin  vacibliyi  tövsiyə  olunur.  Epilepsiya  əleyhinə  dərmanların  "möcüzəvi  vasitələrlə”  (otlar,  sehrli  tozlar,  lazer  və  elektromaqnit  üsullarla  müalicə)  əvəz  olunması  xəstənin  vəziyyətinin yaxşılaşmasına deyil, hətta vəziyyətin ağırlaşmasına və epileptik statusun inkişafına səbəb ola bilər”.