Hər bir hamilə qadın gələcək körpəsinin ana bətnində necə böyüdüyünü və sağlamlıq durumunu bilmək və izləmək istəyir.
Medicina.az xəbər verir ki, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi “Burla xatun” mobil tətbiqini təqdim edib.
Bu tətbiq hamiləliyiniz, körpənizin inkişafı və hamilə qadınlar üçün əhəmiyyətli tövsiyələrlə bağlı məlumatları tez və asanlıqla əldə etmək imkanı verir, habelə doğuşdan sonra yenidoğulanların və körpələrin qayğısına dair ən mühüm məqamları sadə dildə açıqlayır.
“Burla xatun” mobil tətbiqi vasitəsi ilə həftələr üzrə hamiləliyin gedişatını, körpənin inkişafını izləmək, mayalanma tarixinə əsasən doğuş tarixini hesablamaq, tibbi təlimat və tövsiyələrə əsasən bədən çəkisini və bədən kütlə indeksini, digər sağlamlıq göstəricilərini idarə etmək, hamiləlik əlamətlərini monitorinq etmək, həkim ilə virtual və fiziki görüşlər təyin etmək, dölün ultrasəs görüntüsünü, digər qeydiyyatları və məlumatları xatirə kimi saxlamaq mümkündür.
Aygün M.
Medicina.az