Azərbaycanda həkimlər necə “yoxa çıxır”? - TƏBİB sədrinin müşaviri - VİDEO

  • 2026.01.17 17:44
  • 161 Baxış
Azərbaycanda həkimlər  necə “yoxa çıxır”?  - TƏBİB sədrinin müşaviri - VİDEO


“Bakupost TV”də uzman doktor Turanə Rəsulovanın təqdimatında Saturasiya verilişinin növbəti qonağı Almaniyanın Mannheim Universiteti Klinikasının cərrahi şöbəsinin cərrahı, ümumi cərrahiyyə bölməsinin müdiri, professor Vüqar Yaqublu olub.

Medicina.az xəbər verir ki, Veriliş zamanı Azərbaycan səhiyyəsinin mövcud durumu, TƏBİB-in tətbiq etdiyi yeni idarəetmə modeli və bu sistemin Almaniya səhiyyəsi ilə fərqləri ətraflı müzakirə edilib. Qonaq çıxışında həm praktiki həkim, həm də TƏBİB sədrinin müşaviri kimi müşahidələrini bölüşərək, sistemin real problemlərinə institusional baxış bucağından toxunub.


Professor Vüqar Yaqublu rezidentura ilə bağlı qanunvericiliyin müsbət və mənfi tərəflərini şərh edib, Azərbaycanda cərrahların və cərrahi əməliyyatların sayının az olmasının əsas səbəblərinə diqqət çəkib. Onun sözlərinə görə, məhdud prosedur çeşidi və praktik imkanların zəifliyi gənc həkimlərin ölkədən getməsini sürətləndirir.

Verilişdə səsləndirilən bəzi diqqətçəkən faktlar bunlardır:

• Azərbaycanda 90, Almaniyada isə 2095 adda cərrahi prosedur mövcuddur;

• Almaniyada cərrahi əməliyyatlardan sonra ağırlaşma hallarının statistik olaraq daha çox qeydə alınması nəzarət və şəffaflığın yüksək olması ilə bağlıdır;

• Almaniyada xəstənin sol ayağı əvəzinə sağ ayağının əməliyyat edilməsi kimi tibbi səhvlər belə rəsmi statistikaya düşür;

• Azərbaycanlı həkimlər Almaniyada bir çox klinikalarda ən yaxşı 10 mütəxəssis sırasında yer alırlar.

Professor bildirib ki, bu gün dünya ixtisaslı tibbi kadrlar uğrunda ciddi mübarizə aparır və Azərbaycan bu prosesdən kənarda qalmamalıdır. Onun sözlərinə görə, hər il təxminən 1500-ə yaxın tibb məzunu universitetləri bitirsə də, onların cəmi 300-ə yaxını Azərbaycanda fəaliyyətini davam etdirir, digərləri isə xaricə üz tutur. Bu tendensiya dəyişməzsə, gələcəkdə Azərbaycanın xarici ölkələrdən, o cümlədən Şərq respublikalarından həkim dəvət etməyə məcbur qala biləcəyi istisna olunmur.

Qeyd edək ki, professor Vüqar Yaqublu Azərbaycan Tibb Universitetinin məzunudur. O, bir müddət ölkəmizdə müxtəlif tibb müəssisələrində çalışdıqdan sonra Almaniyaya köçüb və hazırda Mannheim Universiteti Klinikasında həm elmi, həm də cərrahi fəaliyyətini davam etdirir, eyni zamanda TƏBİB sədrinin müşaviri kimi səhiyyə sistemində islahat proseslərinə töhfə verir.

ətraflı videoda