Azərbaycanda meyitdən orqan köçürülməsi başlayarsa, yüzlərlə can xilas olacaq - Mehmet Haberal Bakıda

  • 03 İyn 2022 14:19
  • 3323 Baxış
Azərbaycanda meyitdən orqan köçürülməsi başlayarsa, yüzlərlə can xilas olacaq   - Mehmet Haberal Bakıda


Bu gün Bakıda baş tutan III Milli Nefroloji, Dializ və Transplantologiya konqresində iştirak etmək üçün Türkiyənin dünyaca məşhur professoru, transplantoloq cərrahı Mehmet Haberal da xüsusi qonaq kimi Azərbaycana gəlib.


Bakupost.az xəbər verir ki, M. Haberal konqresin açılışında çıxış edib, Azərbaycanın tanınmış həkimləri ilə görüşüb.

M. Haberal Bakupost.az -a açıqlamasında orqan köçürülməsinin vacibliyindən danışıb:

“Çox dəyərli Azərbaycanda böyrək, qaraciyər transplantologiyasının yeni dövrə qədəm qoyduğu bir vaxtda Bakıda dəyərli doktorların yanındayıq. Bilirsiniz ki, bu iş Türkiyədə 1970-ci illərdən başlayıb.
Transplantasiya çarəsiz xəstələrə yenidən həyat yolu bəxş edir.

Böyrək köçürülməsi hər il minlərlə insanı xilas edir. Əməliyyat masasında böyrəyin çalışmağa başladığını gördükdə anlayırsan ki, xəstə yenidən həyata bağlandı.
Eləcə də qaraciyər. Amma bir fərq var ki, böyrək çatışmazlığı olan xəstəni bir müddət dializlə həyatda tutmaq olur. Orqan tapılana kimi əməliyyata qədər saxlamaq mümkündür.

Lakin qaraciyər gözləmir. Bu orqanı dərhal tapıb köçürməlisən.

Türkiyədə həm böyrək, həm qaraciyər xəstənin I və II dərəcəli qohumlarından bağışlanma ilə alına bilir. Tamam yad bir insan orqanını verə bilməz. Amma meyitdən orqan hər kəsə yararlı ola bilər.

Yəni bir insan öldükdən sonra 4-5 insana həyat verir. Burda Allahın verdiyi ömrə, qismətə qarışılmır. Hamımız bir gün öləcəyik. İnsan öz əcəli ilə ölür. Lakin çox insan sağlam orqanlarını bədənində torpağa aparır, o orqanları ehtiyacı olanlara köçürə bilsək, nə qədər can xilas etmiş olarıq.

Din baxımından da savabdır. Biz Türkiyədə illərdir orqan donoru olmaq üçün insanları inandırmaq, güvən vermək üçün çalışırıq. İnsanlar həkimlərə etibar etməlidir.

Azərbaycan insanı xeyirxahdır. Qanunlar işlədikcə, meyitdən orqan köçürülməsi ilə yenidən həyat qazanıldığını gördükcə, orqanlarını bağışlayacaqlar.

Bu işdə sizlərin, medianın təbliğinin də rolu var. İnsanlara inam vermək lazımdır. Biz də bu yolda Azərbaycanlı həmkarlarımızın yanındayıq, uzun illərin təcrübəsi ilə dəstək göstərəcəyik”.

Aygün M