Azərbaycanda meymunçiçəyinə görə modul xəstəxanaları açılırmı?

  • 06 İyl 2022 15:52
  • 642 Baxış
Azərbaycanda meymunçiçəyinə görə modul xəstəxanaları    açılırmı?
Azərbaycan ÜST-lə meymunçiçəyinə qarşı mübarizə tədbirlərini qarşılıqlı müzakirə edir.


Artıq ölkəyə PCR testlər də gətirilib.


Bəs əgər yoluxma olarsa, xəstələr hara aparılacaq? Bağlanan modul tipli xəstəxanalar yenidən açılacaqmı?

Bu barədə Bakupost.az -a açıqlama verən infeksionist həkim Mərdan Əliyev bildirib ki, artıq həkimlərə meymunçiçəyinin diaqnostika və müalicəsi ilə bağlı treninqlər keçirilib:


"Təbii ki, bu xəstəlikdən ağırlaşma halları ola bilər. Amma açığı mən meymunçiçəyində koviddəki kimi geniş pandemiyanın, epidemiyanın olacağını ehtimal etmirəm. Modul tipli xəstəxanaların açılmasını da gözləmirəm.

Amma respublikada bir dənə də olsa xüsusi ayrılmış modul xəstəxana olmalıdır. Çünki meymunçiçəyinə yoluxmuş xəstəni başqa xəstəxanaya, ümumi klinikaya, digər xəstələrin olduğu yerlərə yerləşdirmək olmaz. Hətta bir nəfər xəstə olsa da, o ayrıca yerləşdirilməlidir. Çünki bu infeksiya bir neçə tərəfdən yoluxdurucudur, həm tənəffüs yolları, həm də dəri səthindən".