Azərbaycanda qidalanma və onkologiya kitabı- Təqdim edildi

  • 2026.06.08 20:05
  • 99 Baxış
Azərbaycanda qidalanma və onkologiya kitabı - Təqdim edildi


Bu gün Milli Onkologiya Mərkəzində onkoloji xəstəliklərə həsr olunmuş tədbir keçirilib.

Medicina.az Bakupost.az-a istinadən xəbər verir ki, tədbirdə mərkəzin baş direktoru, akademik Cəmil Əliyevin təşəbbüsü və dəstəyi ilə hazırlanmış “Qidalanma və digər amillərlə onkoloji və yanaşı gedən xəstəliklərin əlaqəsi. Süni intellekt əlavə nə deyir?” adlı 2 cildlik kitabın təqdimatı və müzakirəsi aparılıb.

Tədbirdə kitabın müəlliflərindən olan Əməkdar həkim, onkoloq Elçin Mansurovla yanaşı, həkim-cərrah Gülnarə Talıbova, Milli Onkologiya Mərkəzinin baş həkimi, Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli, dosent Müşfiq Həsənov, onkoloq Nəsimi Qasımov, Əməkdar həkim, cərrah-onkoloq Niyazi Əsgərov və Əməkdar müəllim Xatın Hüseynxanova çıxış ediblər.

Tədbirin əvvəlində həkim-cərrah Gülnarə Talıbova “Yorğun bağırsaq sindromu və bağırsağın iltihabi xəstəliklərinin oxşar xüsusiyyətləri” mövzusunda danışıb. O, xüsusilə Xoralı kolit və Kron xəstəliyi ilə kolon xərçəngi arasındakı əlaqədən bəhs edib.

Qeyd olunub ki, xoralı kolit, Kron xəstəliyi və kolon xərçənginin klinik əlamətlərinin bənzərliyi səbəbindən differensial diaqnostikanın hər mərhələsi klinik, laborator, endoskopik, radioloji və histoloji yanaşmanı özündə birləşdirən multidissiplinar yanaşma tələb edir.

Daha sonra çıxış edən Əməkdar həkim, onkoloq Elçin Mansurov kitabın hazırlanma prosesi barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, ilkin olaraq 200 səhifəlik kitab hazırlanması planlaşdırılsa da, son nəticədə materialların genişliyi səbəbindən 2000 səhifəlik nəşr ortaya çıxıb:


“Cəmil müəllim qidalanmaya dair kitab hazırlanması təşəbbüsü ilə çıxış etdi. Planımızda cəmi 200 səhifəlik kitab yazmaq var idi. Bu da mərkəzimizdə daha əvvəl bu həcmdə kitabın olması ilə bağlı idi. Düşünürdük ki, bizim də kitabımız təxminən bu həcmdə olar. Lakin Cəmil müəllimin tapşırıqları nəticəsində yekunda 2000 səhifəlik kitab ərsəyə gəldi”.
Elçin Mansurov vurğulayıb ki, kitabın əsas üstünlüklərindən biri onun yazılış qaydasıdır:

“Məlumatlar müxtəlif elmi mənbələrdən toplanaraq şərh olunub. Müəlliflərin hamısı elmi fəaliyyətlə məşğul olan şəxslərdir. Bu kitabdan həm tələbələr, həm də tədqiqatçılar istifadə edə bilərlər”.

Daha sonra o, kitabın 14 özəlliyi barədə məlumat verib.


Elçin Mansurov qeyd edib ki, kitabın bütün maddi və mənəvi yükü Cəmil Əliyevin üzərinə düşür və əldə olunacaq gəlirin Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasına ianə edilməsi planlaşdırılır.

Daha sonra Milli Onkologiya Mərkəzinin baş həkimi, Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli çıxış edərək düzgün qidalanmanın əhəmiyyətindən danışıb. O bildirib ki, xəstəliklərin əsas səbəblərindən biri bağırsaq problemləridir:


“Bu kitabda bu məsələlərə geniş yer verilib. Kitab yazılan zaman Elçin həkimlə kifayət qədər mübahisələrimiz oldu. Kitab tamamlandıqdan sonra gördüm ki, burada həqiqətə uyğunluq daha çoxdur.

Lakin tək məsələ qidalanma deyil. Ekoloji faktorlar, sinir sistemi də mühüm rol oynayır. Son illərdə Azərbaycanda qalxanabənzər vəzi xəstəliklərinin artması müşahidə olunur. İstifadə etdiyimiz sular anbarlarda nə qədər yodlaşdırılır, bilinmir. Yenə də insan öz sağlamlığına özü nəzarət etməlidir”, -deyə o vurğulayıb.

Dosent Müşfiq Həsənov isə çıxışında bu nəşrin təkcə kitab deyil, həm də elmi mənbə olduğunu bildirib:


“Burada həm elmi, həm də praktik nəticələr, öz tədqiqatlarımız əksini tapıb. Beynəlxalq yanaşmalarda son illərdə onkoloji xəstəliklərin müalicəsində yalnız kimyəvi terapiya və əməliyyat deyil, qidalanma da mühüm yer tutur. Bu baxımdan kitab olduqca əhəmiyyətlidir”.

Daha sonra onkoloq Nəsimi Qasımov çıxışında son illər onkoloji xəstəliklərin artım dinamikasına diqqət çəkib. O bildirib ki, son 20-25 ildə əhalinin sayı təxminən 20-25 faiz artsa da, onkoloji xəstəliklərin sayı daha sürətlə yüksəlib:


“Əgər əvvəlki illərdə ilin sonunda onkoloji xəstələrin sayı 20 mini keçmirdisə, 2024-cü ildə bu rəqəm 74 mindən çox olub. 2025-ci ildə isə bu göstəricinin 80-90 minə çatacağı ehtimal olunur”.