Azərbaycanda son 1 ildə bu xəstəliklər yoxa çıxıb?

  • 2021.11.15 13:38
  • 1640 Baxış
Azərbaycanda son 1 ildə bu xəstəliklər yoxa çıxıb?

Son bir ildə ölkəmizdə qızılcaya yoluxma halları qeydə alınmayıb. Dünyada isə 2020-ci ildə 22 milyondan çox körpə COVID-19-a yoluxmaq nəticəsində qızılcaya qarşı peyvənd olunmayıb. Bu da 2019-cu illə müqayisədə 3 milyon uşaq çoxdur.



Respublika Gigiyena Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyeva sözlərinə görə,
“Avropa regionu üzrə 135 qızılca hadisəsi qeydə alınıb. Ötən il Ukrayna, Belçika, Türkiyə və digər ölkələrin hər birində təxminən 10-15 uşaq həmin xəstəliyə yoluxub. Son bir il ərzində 53 ölkənin daxil olduğu Avropa regionunda 83 məxmərəyə yoluxma halı qeydə alınıb”.

Ölkəmizdə pandemiya başlayandan peyvəndlərin, o cümlədən qızılcaya qarşı peyvəndləmənin əhatə dairəsi azalıb. Son 20 ildə dünyada peyvənd vasitəsilə qızılcadan 30 milyondan çox ölüm halının qarşısı alınıb. Xəstəliyin ilkin əlamətləri yüksək hərarət, halsızlıq, öskürək, burun axıntısı və gözlərdə qızartıdır. Sonradan həmin əlamətlərə bədənin hər yerini əhatə edən qırmızı səpgilər də əlavə olunur.


“Ötən il və bu ilin ötən dövrü ərzində Azərbaycanda qızılca və məxmərək xəstəliyi qeydə alınmayıb. Bu, aparılan peyvəndləmə tədbirlərinin nəticəsində mümkün olub. Doğrudur, ötən il pandemiya şəraiti ilə əlaqədar bütün xəstəliklər azalıb və peyvənd aparılması bir qədər zəifləmişdi. Əlbəttə, bu işdə həm peyvəndləmənin, həm də epidemioloji nəzarət həmin xəstəliklərin azalmasında mühüm rol oynayır”,- deyə direktor müavini bildirib.


Qızılca ən yoluxucu viral xəstəlikdir. Bu, uşaq xəstəliyi hesab olunsa da, böyüklərin yoluxma riski yüksəkdir.