Azərbaycanın ən seysmoaktiv bölgəsi haradır?

  • 2023.02.20 16:44
  • 1968 Baxış
Azərbaycanın ən seysmoaktiv bölgəsi haradır?

"Ümumi hesablamalarda ən seysmoaktiv bölgəmiz Şamaxı-İsmayıllıdır".

"Medicina" xəbər verir ki, bu barədə "Kaspi"yə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli danışıb:


Baş direktor bildirib ki, Abşeronda zəlzələ ocağı yoxdur:

"Seysmoaktiv zonalarımız 8-9 ballıq zonalardır. Birinci Xəzər dənizini deyim. Deməli, Abşeron rayonunda 25 stansiyamız var. Hələ Abşeron yarımadasının özündə zəif təkan belə qeydə alınmayıb. Deməli, Abşeronda zəlzələ ocağı yoxdur. Yarımadaya təhlükə Xəzərdə olan zəlzələ ocaqlarından gəlir. Ümumiyyətlə, bütün respublikamız seysmoaktivdir. Xəzərin cənub-şərqi, şərqi, şimali-şərqi, şimal hissəsi, Xəzərin özü. Quru hissələrdə Quba, Qusar, Xaçmaz seysmoaktivdir. Böyük Qafqazın cənub şərq hissəsinə keçsək Şamaxı, İsmayıllı bütöv aktiv zonadır. Şimal-Qərb hissəmiz Şəki, Zaqatala, Balakən, Qərb hissəsi – Gəncəbasar zonası, sonra Talış dağları, Kür çökəkliyi. Naxçıvan da həmçinin. Orada da tarixən böyük zəlzələlər olub".

"Ən seysmoaktiv bölgəmiz Şamaxı-İsmayıllıdır. Bizim illik hesabatlarımız olur. Aktivlik xəritəsi tərtib edirik. Aktivlikdə həm ərazidə baş verən təkanların sayı, həm də onlardan ayrılan enerjinin miqdarı önəm kəsb edir. Məsələn, bir ərazidə maqnitudası 1-3 arası olan 50 təkan baş verə bilər. Başqa ərazidə 5-6 bal gücündə təkan olursa, aktivlik burada daha çox artmış olur".


Onun fikrincə, Azərbaycanın yeni seysmik xəritəsi tərtib olunmalıdır:

"Sovet vaxtı SSRİ-yə daxil olan ölkələrin ümumi seysmik rayonlaşdırma xəritəsi tərtib olunmuşdu. O xəritəyə əsasən, Azərbaycan 7 ballıq zona hesab edilirdi. Ancaq zamanla həmin xəritədəki ölkələrdə qeyd ediləndən daha yüksək balda zəlzələlər qeydə alındı. Məsələn, 7 bal yazdıqları yerdə 9 ballıq zəlzələ olmuşdu. 1989-cu ildə SSRİ-yə daxil olan respublikalarda bu məsələyə yenidən baxdılar və göstəricilər 1 bal artırıldı. 7 idisə, 8 ballıq oldu, 8 idisə, 9. Ancaq 9 yerində qaldı. Azərbaycanı 8 ballıq götürdülər. 1991-ci ildə bizdə də belə qəbul edilib. Ancaq o xəritə bir işə yaramır. Ərazinin tədqiqatı aparılmalı, Azərbaycanın yeni seysmik xəritəsi tərtib olunmalıdır".