Azərbaycanlı həkim dünya ölkələrinin ağrı mütəxəssislərindən imtahan götürdü - FOTOLAR

  • 2025.10.21 16:48
  • 429 Baxış
Azərbaycanlı həkim dünya ölkələrinin ağrı mütəxəssislərindən imtahan götürdü  - FOTOLAR

16-19 oktyabrda İstanbulda Dünya Ağrı İnstitutunun invaziv ağrı müalicəsi ilə bağlı VIII Beynəlxalq konfrans keçirilib. Tədbirdə ölkəmizi tanınmış həkimi, alqoloq Zülfüqar Yusifov təmsil edib.


Konqres dünyada ağrı təbabəti, alqologiya üzrə son elmi bilik və təcrübələrin paylaşılması, innovativ müalicə metodlarının təqdimatı və təcrübə mübadiləsi üçün əvəzsiz bazadır.

Zülfüqar Yusifov həmçinin ağrı mütəxəssisləri üçün ildə bir dəfə keçirilən vorkşoplarda sertifikasiya imtahanı götürən (examiner) şəxs kimi iştirak edib.

Belə tədbirlərdə mütəmadi iştirak edən, Bakı Ağrı Klinikasının rəhbəri Zülfüqar Yusifov Medicina.az-a bildirib ki, bu imtahanlardan keçən mütəxəssislərə FİPP və CİPS beynəlxalq səviyyəli sertifikatlar verilir:


“İmtahanlar hər il müxtəlif ölkələrdə keçirilir: Amerikada, Avropada, bu dəfə Türkiyədə. Mən konqresdə iştirak etməkdən əlavə, bu imtahanlarda imtahan götürən şəxs kimi iştirak etdim və əsasən CİPS üzrə imtahan götürdüm. Bu imtahanlar meyitlər üzərində aparılır. Burada həm nəzəri suallara cavab verilir, 2-ci mərhələdə xəstənin müayinəsi, diaqnostikası aparılır və yoxlanılır, həm də müəyyən ağrı prosedurlarının aparılması yoxlanılır. İmtahanın ən vacib hissəsi kadavr - meyit üzərində çalışmadır.

Burada USM altında invaziv prosedurların düzgün, dəqiq aparılması vacibdir. Keçid balının 60%-i buna görə verilir. Bu prosesdə həkimin müxtəlif qabiliyyətləri araşdırılır, hansı parametrlərə cavab verməsi, anatomik bilgiləri, cihaz və iynələrin təhlükəsiz istifadəsi dəyərləndirilir. Yekunda komissiya ballara uyğun qərar verir”.

Zülfüqar Yusifov onu da vurğulayıb ki, bu sertifikatlar dünyanın əksər ölkələrində qəbul edilən nüfuzlu sənəddir. İmtahana müraciətin özü də ciddi hazırlıq və sınaqlar tələb edir. Onun fikrincə, səfər yeniliklərlə, təcrübə paylaşımı ilə zəngin olub. Bu isə ölkəmizin adına uğurlardan biridir.


Aygün Musayeva