Azərbaycanlı həkimin koronavirus xəstəsini xilas etmə anı – Ürəyi zəif olanlar baxmasın - VİDEO

  • 2020.05.11 20:16
  • 8947 Baxış
Azərbaycanlı həkimin koronavirus xəstəsini xilas etmə anı    – Ürəyi zəif olanlar baxmasın - VİDEO

Kamil Nəzərov 1998-ci ildən Rusiya Federasiyasının Tümen vilayətinin Neftyuqansk şəhərindəki V. İ. Yaçkiv adına Vilayət Klinik xəstəxanasının anestezialogiya və reanimasiya şöbəsində həkim-anestezialoq, reanimatoloq işləyir. Ali dərəcəli həkimdir. Rusiya mama-anestezioloqlar cəmiyyətinin üzvüdür.

Onun haqqında medicina.az saytında bir neçə dəfə müsahibələr təqdim edilib.

Hazırda Kamil Nəzərovun çalışdığı xəstəxanada koronavirusla mübarizə üçün ayrılan infeksion blokda 2 aydır ağır koronaviruslu xəstələrin qəbulu, onların reanimasion tədbirlərinin həyata keçirilməsində iştirak edir.


Həkimin reanimasiya şöbəsində həyata keçirdiyi prosedurların əks olunduğu videoda ikitərəfli pnevmoniya olan xəstənin intubasiya edilərək, süni tənəffüs cihazına qoşulması göstərilir.



Xəstədə arterial qandan qələvi-turşu mühitinin təyini analizi götürülməsi də çətin proseslərdən biridir.

Həkimin sözlərinə görə, bu xəstələrin vəziyyətinin düzgün qiymətləndirilməsi üçün əsas analizlərdəndir.

Oksigen qazının, karbon qazının təzyiqi, pH göstəricisi bu analizlə müəyyən olunur. Xəstədə kəskin respirator distres sindromu hansı ki, koronaviruslu xəstələrin ölümünə səbəb olur, bu göstəricilər əsasında təyin edilir.

Əgər indeks 300-dən aşağı olursa, bu distres sindromudur. 100-dən aşağı olursa, bu artıq çox ağır formasıdır.

Kamil Nəzərov medicina.az-a açıqlamasında bildirib ki, əslində, bu prosedurları daha öncə də digər xəstələrə də tətbiq edib və işinin bir hissəsidir. Burda həkimlər üçün təəccüblü bir şey yoxdur.



“Sadəcə virus əleyhinə xüsusi kostyum və qoruyucu respirator maska ilə işləmək həkimlərə çətinlik törədir. Videoda göründüyü kimi, mənim əynimdə olan kostyum ən yüksək mühafizə qabiliyyətinə malik dəstdir. Bu formada koronaviruslu və ya koronavirusa şübhəli xəstələrlə işləmək həqiqətən çətindir.

Qoruyucu şüşə tərləyir, görmə zəifləyir, yanındakı ilə danışanda məcbur olub əleyhqazın ağızlığını açırıq ki, eşitsin, 2 ədəd üst-üstə əlcək taxırıq. Arteriyanı bu ikiqat əlçəklə palpasiya edib tapmaq asan deyil.

Əslində bu videomaterial həkimlər üçün maraqlı ola bilər, çünki prosesin çətinliyini görə bilərlər. Adi xəstəni intubasiya etməyə nə var ki. Burda taxdığımız şlem traxeya ilə əlimiz arasında görmə məsafəsini bir az da uzaqlaşdırır. Burda həkimdən böyük təcrübə tələb olunur”.

Videoda digər prosedur körpücükaltı venanın kateterizasiyasıdır, bu da ağır xəstələrdə çox vacib olan çətin prosedurdur.

Həkimin koronaviruslu xəstə üzərində bir neçə müdaxilələrinin əks olunduğu videonu təqdim edirik.