Azərbaycanlı həkimlə oğlunun ixtira etdiyi “Ağıllı korset" - Qızıl medal aldı

  • 2025.12.09 18:14
  • 4641 Baxış
Azərbaycanlı həkimlə oğlunun ixtira etdiyi “Ağıllı korset" -  Qızıl medal aldı

Azərbaycanlı həkim stomatoloq Rəşad Muradov və 17 yaşlı oğlu Bəxtiyar Muradlının icad edib hazırladıqları onurğa xəstəlikləri, skaliozun müalicəsində istifadə edilən yeni proqram təminatlı “Ağıllı korset” Türkiyədə marağa səbəb olub.

İxtisasca həkim-stomatoloq, ortodent olan Rəşad Muradov mövzu ilə Medicina.az -a açıqlama verib.

O bildirib ki, "Ağıllı korset" onun ikinci ixtirasıdır:

“Birinci ixtiram breket sistemi idi. Ortodontiyada istifadə etmək üçün sabit, yumşaq qüvvə yaradacaq aparat axtarışında idim. Bir gün oğlum Bəxtiyar dedi ki, dostunun onurğa əyriliyi var, illərdir əziyyət çəkir, ona necə kömək edək? Biz planlaşdırdıq ki, mənim ortodontiya üçün yaratdığım sistemi onurğa üçün də istifadə edək. Oğlumun proqramlaşdırma və elektronika təhsili sayəsində biz yeni korsetin proqram təminatı tərəfini hazırladıq. Elektron tərəfində mikrokompressor, arduino, kabellər, batareya, USB girişləri yerləşib.

Biz bu korset üzərində 2022-ci ildən çalışırdıq. 2025-ci ildə sınaq və testlərini etdik, hazır hala gətirdik, patent almaq üçün Türkiyədə Patent İnstitutuna müraciət etdik. "Turkpotent" bizi sentiyabr ayında "Texnofest"də öz stendində iştirak üçün İstanbula dəvət etdi.

23 ölkə, 470 ixtiraçı arasında Azərbaycanı biz təmsil etdik".

Rəşad Muradov ixtiralarının çox maraqla qarşılandığını bildirib:

"Stendimizi və korsetimizi Avropa Patent İnstitutunun prezidenti, "Turkpotent"in başqanı, jüri üzvləri ziyarət etdi. Biz əslində bunu gözləmirdik, amma çox qürur duyduq ki, tədbirin sonunda "Turkpotent"in rəhbəri və beynəlxalq jüri tərəfindən 2 qızıl medala layiq görüldük”.

Rəşad Muradov yeni korsetin fərqi və üstünlüklərini sadalayıb:

“Korsetimiz digitaldır, həkim tərəfindən uzaqdan idarə olunur. Sensorlar vasitəsilə həkimə pasiyentin onurğası, durumu barədə məlumatları çatdırır. Əvvəlki sistemlərdə xəstə üçün müalicənin sonuna qədər 3-5 yeni korset hazırlamalı olurduq.

Bizim sistemdə bir korset bütün müalicəni bitirir. Əvvəlki korset daha sərt materialdan idi, pasiyentə narahatlıq verirdi. Bu korset isə hava balonları sayəsində daha yumşaqdır. "Ağıllı korset"də sensorlar qüvvənin azaldığını hiss etdiyi zaman özü yenidən balonları hava ilə doldurur.


Korset həkimin qəbulundan sonra onun yazdığı proqram vasitəsilə özü qüvvəni tətbiq etməyə davam edir. Ona görə bizim korset əvvəlki sistemlərdən daha sürətli, komfortlu, ucuz və effektivdir”.



Aygün Musayeva