Bakı Avropa liseyi koronavirusa görə bağlandı

  • 2021.11.12 17:22
  • 1425 Baxış
Bakı Avropa liseyi koronavirusa görə bağlandı

Bakıda koronavirusa görə daha bir ümumtəhsil müəssisəsi distant tədrisə keçib.

Medicina.az xəbər verir ki, Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə Bakı Avropa Liseyində bu gündən tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 14 gün müddətinə dayandırılıb.

Təhsil Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Bakı Avropa Liseyinin 5 müəllim və 16 şagirdində COVID-19 testinin nəticəsi pozitiv olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, Məktəb Lisey Kompleksinin fəaliyyəti də distant təhsil formasında davam etdiriləcək. Qeyd olunub ki, Məktəb Lisey Kompleksinin 12 şagirdi və 3 müəlliminin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub: "Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında Məktəb Lisey Kompleksində əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub".

Həmçinin, paytaxtdakı 5 nömrəli tam orta məktəbin bir neçə sinfində yoluxma halı olduğuna görə həmin siniflər distant təhsilə keçib. Hazırda məktəbdə əyani təhsil davam edir.