Bakı metrosundan istifadə qaydaları açıqlandı - Girişdə hərarət yoxlanacaq

  • 2020.05.08 15:12
  • 1186 Baxış
Bakı metrosundan istifadə qaydaları açıqlandı  - Girişdə hərarət yoxlanacaq

Sabahdan fəaliyyətini bərpa edən Bakı metrosu, hər zaman olduğu kimi, saat 06:00-dan 24:00-dək sərnişinlərə xidmət göstərəcək.

Medicina.az metropolitendən istifadə edən sərnişinlərin nəzərinə çatdırır.

“İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq tibbi maska taxmadan metropolitendən istifadə edilməsi qadağandır. Sərnişinlərin metro stansiyası ərazisində, eləcə də, qatarlarda tibbi maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləqdir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məhdudiyyətlərin yumşaldılması ilə bağlı verdiyi qərarlara uyğun olaraq, metro stansiyalarına yalnız yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə veriləcək.

Metropoliten stansiyalarının girişlərində zərurət olduğu təqdirdə sərnişinlərin hərarəti müvafiq tibbi avadanlıq vasitəsi ilə yoxlanılacaq.

Metropoliten gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək, qatarların hərəkəti, texniki imkanlar nəzərə alınmaqla, minimum intervalla təmin olunacaq.

Sosial məsafənin qorunmasını təmin etmək məqsədilə audio, vizual, statik məlumatlandırma üsullarından istifadə olunacaq, stansiya və qatarlardakı oturacaqlarda məlumatlandırıcı işarələr qoyulacaq.

Sərnişinlərin sosial məsafəni qoruması, metropolitenə təhlükəsiz və nizamlı daxil olması məqsədilə stansiyaların giriş sahələrində istiqamətləndiricilər qoyulacaq.

Bakı Metropoliteni stansiyalarında fəaliyyət göstərən apteklərə tibbi maska satışı üçün tam şərait yaradılacaq”.