Qış başlayandan ölkədə yayılan ağır virus epidemiyası səbəbindən Bakıda yerləşən bir neçə dövlət uşaq yoluxucu xəstəxanasında yaranmış şərait və çatışmazlıqlar ciddi narahatlıq doğurub. Sosial şəbəkələrdə valideynlər körpə uşaqların yerləşdirildiyi infeksion şöbələrdə şpris, tibbi ləvazimat, pampers, salfet və s. çatışmazlığı barədə rəylər, statuslar paylaşırdı.
Medicina.az xəbər verir ki, İpək Yolu Mədəni və Tarixi Araşdırmalar İB-nin sədri, araşdırmaçı jurnalist Aida Eyvazlı Göytürk də nəsvəsini yerləşdirdiyi uşaq xəstəxanalarındakı acınacaqlı durumdan şikayətçidir.
Jurnalistin bildirdiyinə görə, 1 yaş 3 aylıq nəvəsi yeni virusa yoluxduğu üçün yüksək hərarətlə (38.5) olaraq “Yeni Klinika”ya aparılıb. Burada tibbi xidmətin səviyyəsi, həkimlərin peşəkarlığı ailəni razı salsa da, klinikada mədə-bağırsaq virusu olan xəstələrin müalicə edilmədiyi bildirilib və uşağı 7 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına yönləndiriblər.
Axşam saatlarında yüksək hərarətli uşaqla sözügedən xəstəxanaya çatan ailə qəbul şöbəsində gözlənilməz vəziyyətlə qarşılaşıb. Belə ki, uşağın gigiyenik baxımı üçün nə tualetdə isti su, nə də nəm salfet olub. Tibb personalı salfetlərin öz vəsaitləri hesabına alındığını qeyd ediblər, su, salfet istəyən valideynlərə kobud cavab verməkdən başqa bir kömək etməyiblər. Məlum olub ki, isti su problemi illərdir var.
Vəziyyətin pis olduğunu görən jurbalist Medikal Plazata və Leyla klinikasına müraciət etsə də, palataların dolu olması səbəbindən qəbul mümkün olmayıb.
Nəticədə ailə 30 dekabr gecə saat 02:00 radələrində A.F.Qarayev adına 2 saylı Uşaq Yoluxucu Kliniki Xəstəxanasına üz tutulub. Burada da isti su probleminin illərdir mövcud olduğu bildirilib. Uşaq xəstəxanaya yerləşdirilsə də, ailə məcburən evdən elektrikli çaydan, salfet gətirərək uşağın gigiyenasını təmin edib.
Daha sonra məlum olub ki, uşağa qida verilməyib, yalnız köçürülən sistemlər və dərmanlar hesabına vəziyyəti stabil saxlanılıb. Dərmanlar, müxtəlif tibbi vasitələrin – şpris, qlükoza əksəriyyəti ailə tərəfindən alınıb.
Aida Eyvazlı Göytürk ailənin şəxsi vəsaitləri hesabına müalicə aparan həkimlərə təşəkkür etsə də, onun sözlərinə görə, belə vəziyyətdə maddi imkanı və dərman almağa adamı olmayan ailələrin necə çıxış yolu tapacağı sual altındadır.
“Məsələ ilə bağlı Səhiyyə Nazirliyi, TƏBİB, Prezident Administrasiyası və Baş Prokurorluğa çağırış edərək uşaq xəstəxanalarında yaranmış şəraitin araşdırılması, korrupsiya hallarının ifşa olunması və xəstəxanaların elementar ehtiyaclarla – xüsusən isti su və dərmanla təmin edilməsini tələb tələb edirəm.
Hər il dövlət büdcəsindən xəstəxanaların təmiri və təminatı üçün milyonlarla vəsait ayrılmasına baxmayaraq, bir çox tibb müəssisələrinin şəraiti bu vəsaitlərin real nəticəsini əks etdirmir. Söhbət uşaqların sağlamlığından gedirsə, bu qədər saymamazlıq, etinasızlıq, qeyri-peşəkarlıq yolverilməzdir”.
Məsələ ilə bağlı hər iki xəstəxana TƏBİB tabeliyində olduğu üçün quruma sorğu ünvanladıq. Lakin problem və şikayətlə bağlı heç bir rəsmi məlumat ala bilmədik.
Aygün Musayeva
Medicina.az