Bank ölüm "kağızı" istədi, yanlış anlayıb bacısının sümüklərini apardı

  • 2026.04.28 22:05
  • 216 Baxış
Bank ölüm "kağızı" istədi,   yanlış anlayıb bacısının sümüklərini apardı

Hindistanda bir kişi bacısının hesabından pul çıxarmağa çalışarkən bankda ölüm şəhadətnaməsi istənildikdə vəziyyəti səhv başa düşüb. Savadsız kişi bacısının məzarını açıb sümüklərini banka aparıb. Hadisə bankda çaxnaşmaya səbəb olub və polis vəziyyəti izah etmək üçün müdaxilə edib.

Medicina.az xəbər verir ki, Hindistanın Odişa ştatında baş verən hadisə böyük təəccüb doğurub. Bankdan pul çıxarmaq istəyən bir kişi, "ölüm şəhadətnaməsi" istənildikdən sonra mərhum bacısının skeletini banka aparıb.



Keonjhar bölgəsində yaşayan Jitu Munda, təxminən iki ay əvvəl vəfat edən bacısının hesabından 19.300 rupi (346 manat) çıxarmaq istəyib. Lakin bank rəsmiləri pulu çıxarmaq üçün rəsmi ölüm şəhadətnaməsi və lazımi sənədləri tələb ediblər.

Deyilənə görə, oxuya və yaza bilməyən Munda, bank rəsmiləri tərəfindən tələb olunan sənədləri başa düşmədikdə bacısının məzarını açıb. Sümükləri çıxarıb, torbaya qoyub və banka aparıb.



Munda skeletlərlə gələndə bank işçiləri panikaya düşüblər və vəziyyəti polisə bildiriblər. Xəbər tez bir zamanda yayılıb və çoxlu insan bankın qarşısında toplaşıb.

Hadisə yerinə gələn polis əməkdaşları Mundaya ölüm şəhadətnaməsinin lazım olduğunu bildiriblər. Səlahiyyətlilər Mundanın vəziyyəti səhv başa düşdüyünü və heç bir pis niyyətinin olmadığını deyiblər.

Aygün
Medicina.az