Başgicəllənmə bir çox fərqli səbəbdən qaynaqlana və gündəlik həyata mənfi təsir göstərə bilən ümumi bir şikayətdir.
Bəs bütün başgicəllənmə eynidirmi?
Medicina.az xəbər verir ki, qulaq, burun və boğaz (KBB) mütəxəssisi dr. Tuğçe Türker Botanlıoğlu bununla bağlı açıqlamalar verib:
"Başgicəllənmə müxtəlif xəstəliklərin simptomu ola bilər. İnsanın yaşadığı bu vəziyyət əsas səbəblərə görə dəyişir. Bəzən qısamüddətli və müvəqqəti, bəzi hallarda isə daimi və təkrarlanan ola bilər. Bəzi başgicəllənmələr yüngül olsa da, bəziləri o qədər ağır ola bilər ki, insan gündəlik həyatını davam etdirə bilmir".
Həkim ən çox yayılmış səbəbləri sadalayıb:
"Daxili qulaqda tarazlıq sisteminin pozulması, qan təzyiqi problemləri, stress, yorğunluq, susuzluq və bəzi dərmanların yan təsirləri başgicəllənməyə səbəb ola bilər. Daxili qulaq infeksiyaları kimi problemlər tarazlıq mexanizminə təsir göstərə və başgicəllənməyə səbəb ola bilər. Miqren, şiş, insult riski, dağınıq skleroz kimi nevroloji xəstəliklər və diabet kimi müəyyən beyinlə əlaqəli problemlər də başgicəllənməyə səbəb ola bilər. Menyer xəstəliyi və vestibulyar nevrit kimi daxili qulaq xəstəlikləri də başgicəllənmənin ümumi səbəbləridir. Buna görə də, başgicəllənmə çoxşaxəli şəkildə müayinə edilməli və düzgün diaqnoz qoyulmalıdır.
Başgicəllənmə daha geniş bir anlayışdır və aşağı təzyiq, aşağı qan şəkəri və ya göz yorğunluğu kimi bir çox fərqli amillərdən qaynaqlana bilər."
Dr. Botanlıoğlu bildirib ki, başgicəllənmə qısa müddətli olduqda adətən ciddi bir problem deyil:
"Lakin uzun müddət davam edən və daim təkrarlanan başgicəllənmə ciddi qəbul edilməlidir. Başgicəllənmə bir neçə dəqiqədən bir neçə saata qədər davam edərsə və öz-özünə keçmirsə, bu, daha ciddi bir problemin əlaməti ola bilər. Xüsusilə başgicəllənmə zamanı huşunu itirmə, ikiqat görmə və ya qollarda və ya ayaqlarda uyuşma kimi əlavə simptomlar varsa, dərhal həkimə müraciət edilməlidir."
Həkim başgicəllənmə yaşayanlara aşağıdakı məsləhətləri verib:
"Əvvəla, sakit bir mühitdə istirahət etmək və başınızı hərəkət etdirməmək faydalı ola bilər. Bol su içmək, qan təzyiqinizi izləmək və dərin nəfəs alaraq bədəninizi rahatlatmaq da başgicəllənməyə kömək edə bilər. Stress başgicəllənməyə səbəb ola biləcək bir amildir, buna görə də rahatlama texnikalarını tətbiq etmək faydalı ola bilər."
Aygün
Medicina.az