Bərdədə tövləyə oxşar tibb məntəqəsi - Biabırçı görüntülər - VİDEO

  • 2022.02.26 14:26
  • 32424 Baxış
Bərdədə tövləyə oxşar tibb məntəqəsi -  Biabırçı görüntülər - VİDEO
Bərdə rayonunda üç kəndə xidmət edən tibb məntəqəsi tövlədə yerləşir. Rəsmi qurumlar tibb məntəqəsinin fəaliyyət göstərmədiyini desələr də yerli sakinlər bunun əksini söyləyir.

Medicina.az xəbər verir ki, “Xəzər Xəbər”-in məlumatına görə, rayonun Hacıbəyli kəndində yerləşən tibb məntəqəsi fermada yerləşir.

Fermanın bir hissəsində qoyunlar saxlanılır, bir hissəsində isə tibbi xidmət göstərilir.

Rayonun Hacıbəyli, Kafarlı və Həsənli kəndlərində 2 minə yaxın insana xidmət göstərən tibb məntəqəsi uçub dağılmaq üzrədir. Kənd sakinləri deyir ki, bu məntəqədə onlara normal tibbi xidmət göstərilmir. Məntəqədə həkim olmasa da, tibb bacıları fəaliyyət göstərir.

Kənd sakinləri tibbi xidmət almaq üçün şəhər mərkəzinə getməli olurlar. Bu da onlar üçün yol xərci və vaxt itkisi deməkdir. Kənd sakinləri deyirlər ki, bu tikilidə normal tibbi xidmət almaq mümkün deyil. Bu səbəbdən də sakinlər 3 kənddə xidmət edən məntəqəyə yeni binanın tikilməsini tələb edirlər.

Məsələylə bağlı Bərdə rayon mərkəzi xəstəxanasının direktoru Vüsal Məmmədov bildirib ki, məntəqə binası fermada yerləşdiyi üçün bir neçə gün əvvəl fəaliyyəti dayandırılıb. Sözü gedən kəndlərdə tibbi xidmət üçün tibb bacısı səyyar xidmət göstərir. Uyğun bina üçün rayon icra hakimiyyətinə müraciət edilib.