"Qanazlığında həqiqətən də solğunluq müşahidə oluna bilər, amma bu diaqnoz üçün əsas deyil".
Medicina.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı qurumun mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov açıqlayıb.
Onun sözlərinə görə, bu, qanda hemoqlobinin azalması ilə əlaqədardır:
"Hemoqlobin azaldıqda dərinin çəhrayı tonu zəifləyir. Solğunluq daha çox üz dərisində hiss olunur. Diş ətlərində və göz qapaqlarının iç səthində solğunluq nəzərə çarpır. Lakin üzün solğun olması yalnız qanazlığı demək deyil. Bəzi insanların dərisi təbii olaraq açıq rənglidir".
Bundan əlavə mütəxəssis-ekspert bildirib ki, yorğunluq üzün rənginə təsir göstərə bilər:
"Stres və həyəcan zamanı da solğunluq yaranır. Qan təzyiqinin enməsi də üz rənginin dəyişməsinə səbəbdir. Vegetativ sinir sistemi reaksiyaları solğunluq yarada bilər. Otağın işıqlandırılması belə insanın solğun görünməsinə təsir edir. Bu səbəbdən yalnız baxışla "qanazlığı diaqnozu" qoymaq doğru deyil. Qanazlığı yalnız laborator qan analizi ilə təsdiqlənməlidir".
medicina.az