Bir daha sərt karantin olmayacaq, pandemiyanın sonuna çatırıq - Professor Musa Qəniyev

  • 2021.12.27 19:08
  • 3415 Baxış
Bir daha sərt karantin olmayacaq, pandemiyanın sonuna çatırıq -  Professor Musa Qəniyev
Covid 19-un bütün ştammlarına yoluxma eyni substrakt makromolekulu- ACE2 reseptor mexanizmilə baş verdiyindən, hər yeni yaranan ştamm, sələfini sıxışdırıb aradan çıxarmalıdır. Məsələn, düz 1 il əvvəl yoluxmanı, genom strukturu praktik olaraq fərqlənməyən müxtəlif SAR-CoV2 ştammları törədirdi. Sonra genom strukturunda ciddi fərqlilik olan alfa ştammı ön plana çıxdı və bütün digər ştammları sıxışdırıb aradan çıxardı. Daha sonra, delta ştammı meydana gəldi. O da, alfa ştammını sıxışdırıb aradan çıxardı və s. İndi də yeni yaranan Omikron ştammı konkurent antaqonizm prinsipinə görə, bütün digər ştammları sıxışdırıb aradan çıxarmalıdır.

Medicina.az xəbər verir ki, bunları professor Musa Qəniyev pandemiyanın sonu ilə bağlı əsaslandırılmış açıqlamasında bildirib.


"Bu ştamma xas olan genom quruluşu, həm də, qanunauyğun olaraq, pandemiyanın sona çatmasına səbəb olmalıdır. Bunu aşağıdakı 2 əsas elmi məntiq təsdiq edir:

1. Omikron ştammı Covid 19-un polimutasiyaya məruz qalan yeganə mutant variantı olduğundan, sürətlə yayılaraq, Covid 19-a qarşı kütləvi immunitet yaratmalıdır.


2. Omikron ştammındakı 50 mutasiyanın 49-u əvvəlki mutant ştammlarda müşahidə edilən mutasiyaların summar məcmuidir. Yəni qorxulu deyildir. Yeganə fərqli olan cəhət, yalnız S-spayka zülalına 3 aminturşudan ibarət qeyri-spesifik, qısa zəncirli genetik məlumat kodunun bağlanmasıdır. Bu genom kodunun ona, ya təbii yolla - yoluxduğu insan və ya həmin fərdə yoluxan digər virusdan, ya da, in vitro, yəni sünü yolla, müvafiq olaraq, bağlanması və ya bağlandırılması reallıq olan ehtimaldır. Birinci halda təbii olaraq, ikinci halda isə istək daxilində, simpioz birgə yaşam qanununa xidmət edən dəyişikliklərin (Ro indeksinin yüksəlməsi, letallıq və patogenlik əmsalının sönməsi) baş verməsi səbəbindən, pandemyanın sönməsi qaçılmazdır.

Covid 19-un bütün ştammları daxil, total ölüm təqribən 2%-dir. Omikron ştammı artıq 90-dan artıq dövlətdə yayılmışdır. Ölüm halı isə, yalnız İngiltərədə müşahidə edilib- 24968 yoluxmaya qarşı, cəmi 7 nəfər, yəni 0,028%. Başqa sözlə, SARS-CoV2 virusunun letallıq (ölüm törətmə) əmsalı 70 dəfə azalıb. Bu hal mənim yazdıqlarımın birbaşa təsdiqi və pandemiyanın sonu deməkdir".