Avropada Türkiyənin “Dolunay” markasına aid qara qabıqlı, qovrulmuş günəbəxan tumlarında təhlükəli kif toksini aşkarlanıb. Zəhərli toksin aşkar olunan məhsullar satışdan çıxarılıb.
Bakupost.az Avropa KİV-lərinə istinadən xəbər verir ki, analizlər zamanı tumlarda insan sağlamlığı üçün ciddi risklər daşıyan zəhərli kif “Ochratoxin A” aşkarlanıb. Avropa Qida Təhlükəsizliyi Agentliyinin (EFSA) məlumatına görə, bu toksin taxıllar, konservləşdirilmiş ət, təzə və quru meyvələr, pendir və digər qidalarda rast gəlinir. İnsan orqanizminə uzun müddətli təsir göstərən və DNA zədələnməsinə, böyrək problemlərinə və bəzən sağalmaz fəsadlara səbəb ola bilər.
Avropa rəsmiləri bildirir ki, heyvan təcrübələrində xərçəng yaradan maddələrin çox olduğu toksin insanlarda isə ən çox böyrəklərə təsir edir. Bu toksinin uzun müddətli təsir nəticəsində insanlarda yorğunluq, diqqət azalması, titrəmə, yaddaş itkiləri və davamlı baş ağrıları kimi simptomlar müşahidə olunur. Toksin həmçinin immunitet sistemini zəiflədərək bədəni infeksiyalara qarşı həssas edir.
“Dolunay” markasına aid günəbaxan tumlarının və ya başqa məhsulların Azərbaycanda satışına rast gəlmədik.