Bu ucuz dərman insult, infarkt riskini azalda bilər

  • 2025.11.14 21:13
  • 190 Baxış
Bu ucuz dərman insult, infarkt riskini    azalda bilər


Ürək tutması və insult riskini əhəmiyyətli dərəcədə azaldan məşhur dərman açıqlanıb.


“Medicina” xəbər verir ki, uzun müddətdir podaqra müalicəsində istifadə edilən kolxisin ürək-damar xəstəliyi olan xəstələrdə ürək tutması və insult riskini əhəmiyyətli dərəcədə azalda bilər. Bu nəticəyə alimlər təxminən 23.000 xəstənin məlumatlarını təhlil etdikdən sonra gəliblər.


Kolxisin- açıq-aşkar iltihab əleyhinə xüsusiyyətlərinə görə ənənəvi olaraq podaqranın müalicəsində istifadə olunur. Lakin xroniki iltihab ürək-damar xəstəliklərinin inkişafını sürətləndirən əsas amillərdən biridir.

İcmalda xəstələrin ən azı altı ay ərzində gündə bir və ya iki dəfə 0,5 mq dozada kolxisin qəbul etdiyi 12 təsadüfi nəzarətli sınaq yer alıb. İştirakçıların ürək tutması, insult və ya ürək-damar xəstəliyi diaqnozu tarixçəsi var idi. Orta yaş 57 ilə 74 arasında dəyişirdi və təxminən 80%-i kişilər idi. Könüllülərin yarısı standart terapiyaya əlavə olaraq kolxisin qəbul etmiş, qalanları isə yalnız plasebo və ya standart müalicə almışdılar.


Nəticələr əhəmiyyətli idi: nəzarət qruplarına nisbətən hər 1000 xəstəyə doqquz daha az ürək tutması və səkkiz daha az insult qeydə alınmışdır.


Tədqiqatçılar heç bir ciddi yan təsir aşkar etmədilər. Yeganə nəzərə çarpan yan təsir tez bir zamanda aradan qalxan yüngül mədə-bağırsaq pozğunluğu idi.

"Təxminən yeddi infarkt və dörd insult gözlənilən ürək-damar xəstəliyi olan 200 xəstə arasında aşağı dozada kolxisin bu hadisələrdən təxminən ikisinin qarşısını ala bilər. Kolxisin ucuz, geniş yayılmış və yaxşı öyrənilmiş bir dərmandır. Bu, onu, xüsusən də resurs məhdud ölkələrdə ürək-damar xəstəliklərinin ikincili profilaktikası üçün uyğun edir."


Aygün Musayeva