Bu, ürək gözləyən bir uşağın sabahıdır...

  • 2025.12.09 12:06
  • 236 Baxış
Bu, ürək gözləyən bir uşağın sabahıdır...

Daniel Kahnemanın “Sürətli və yavaş düşünmə” kitabında göstərilən bir fakt insanı dərindən düşündürür: eyni mədəniyyətə və oxşar dünyagörüşünə malik Avropa ölkələrində orqan donorluğu göstəriciləri kəskin şəkildə fərqlənir.

Kitabda qeyd olunur ki, Avstriyada bu göstərici təxminən 100%, İsveçdə 86%, amma Almaniyada cəmi 12%, Danimarkada isə 4%-dir. Bu fərqin əsas səbəbi insanların fikri deyil, qərarın hansı “çərçivədə” təqdim olunmasıdır. Yəni “imtina etməsən donorsan”, yoxsa “xüsusi razılıq verməsən donorsan”.

Mən bu mövzuya təkcə oxucu kimi yox, Anestezioloq-Reanimatoloq, beyin ölümü diaqnozunu qoyan əsas tibbi komandanın bir üzvü kimi baxıram. Eyni zamanda orqan çatışmazlığı səbəbindən uzun müddət ECMO cihazına bağlı ürək gözləyən bir uşağı kanül dəyişimi üçün əməliyyata alarkən “abla, məni uyutma, oyana bilmərəm”, deyib əlimdən möhkəm tutan uşağın baxışlarını heç vaxt unutmayan biri kimi baxıram bu məsələyə.

Bu gün ölkəmizdə və dünyada minlərlə insan canlı donordan böyrək köçürülməsi ilə yaşayır, minlərlə xəstə canlıdan qaraciyər transplantasiyası alır. Şübhəsiz ki, bütün tibbi risklər mümkün qədər öncədən qiymətləndirilir. Amma nə qədər diqqətli olsaq da, canlı donor üçün bu prosedurlar hər zaman real tibbi risk daşıyır. Halbuki orqan bağışlama mədəniyyəti güclü olan cəmiyyətlərdə bu risklərin böyük bir hissəsinin qarşısını almaq mümkündür.

Çünki orqan bağışlamaq təkcə fərdi seçim deyil — bu, cəmiyyətin və səhiyyə sisteminin birlikdə qurduğu bir etimad modelidir. Doğru çərçivə, düzgün hüquqi mexanizm və şəffaf idarəetmə olanda insanlar daha asan “hə” deyir. Nəticədə isə həyat qazanır.

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, yerində qurulmuş siyasət kiçik görünən inzibati detallarla minlərlə insanın taleyini dəyişə bilir. Ümid edirəm ki, bizdə də bu mövzuya elmi sübutlara, real klinik təcrübəyə və insan həyatını mərkəzə alan daha sistemli yanaşma ilə baxılacaq.

Çünki bu mövzu statistika deyil…
Bu mövzu ECMO-da ürək gözləyən bir uşağın sabahıdır.


Anestezioloq-reanimatoloq,
uzman doktor
Turanə Rəsulova

Xatırladaq ki, T.Rəsulova könüllü olaraq orqan donoru kimi qeydiyyatdan keçib.

Həkim bununla bağlı rəsmi sənədləri imzalayıb və beyin ölümü baş verəcəyi halda onun orqanlarının digər insanların həyatını xilas etmək üçün istifadə olunmasına razılıq verib.