Çəp qasıq yırtıqlı uşaq əməliyyat edildi

  • 2023.11.30 15:24
  • 995 Baxış
Çəp qasıq yırtıqlı uşaq əməliyyat edildi

2014-cü il təvəllüdlü uşaq ailəsi tərəfindən hər iki qasıq nahiyəsində olan şişkinlik və ağrı səbəbilə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Akademik M.Ə. Mirqasımov adına Respublika Uşaq Klinik Xəstəxanasına gətirilib.

"Medicina" xəbər verir ki, uzman həkim-uşaq cərrahı Anar Cəfərov tərəfindən müayinə edilib və xəstəyə ikitərəfli çəp qasıq yırtığı diaqnozu qoyulub. Pasiyentdə laparoskopik qasıq yırtığı bərpası əməliyyatı icra olunub.

Anar Cəfərovun sözlərinə görə, qasıq yırtığı çox zaman qasıq bölgəsində şişkinlik ilə ortaya çıxan cərrahi bir xəstəlikdir.

Oğlanlarda qızlara nisbətən 3-10 dəfə çox görülür. Sağ qasıq nahiyəsində sola nəzərən daha çox rast gəlinir. 10 % hallarda hər iki qasıq nahiyəsində də ola bilir. Erkən doğulan uşaqlarda vaxtında doğulan uşaqlara nisbətən daha çox rast gəlinir.


“Laparoskopik qasıq yırtığı əməliyyatı açıq əməliyyatla müqayisədə bir çox üstünlüklərə malikdir. Belə ki, qasıqda kəsiklər edilmədiyi üçün yara izi olmur. Qasıq nahiyəsində açıq əməliyyatda olduğu kimi dəri, dərialtı toxuma və inguinal kanal təbəqəsi kəsilmir. Bu səbəbdən də xəstənin hiss edəcəyi ağrı açıq əməliyyatdan daha az olur".