İmam Mübariz Rəhimov ötən gün vəfat edən
terapevt-uroloq Adil Qubadovla bağlı paylaşım edib.
Medicina.az xəbər verir ki, o, həkimlə bağlı xatirəsini bölüşüb:
"Yeni ailə qurmuşdum. Bir gün yoldaşımla birlikdə müayinəyə getmişdik. Maddi durumum ürəkaçan deyildi. Doktor baxdı və dedi ki, planlaşdırdığımız müayinədən əlavə də yoxlanışa ehtiyac var. Üstümdə isə çox az pul vardı… Nə var idisə ödədim, cəmi 6 manat qaldı.
Müayinədən sonra yenidən onun yanına qayıtdıq. Birdən mənə baxıb soruşdu:
– Quran oxuyursan?
Dedim: “Bəli…”
Heç nə demədən cibindən 50 manat çıxarıb mənə verdi və dedi:
– Ölülərimə Quran oxuyarsan…
Bir anlıq susdum. Yoldaşıma baxdım, amma heç nə deyə bilmədim. O anın ağırlığını sözlə ifadə etmək çətin idi… Oradan ayrıldım, ürəyim dolu halda Allaha şükür etdim və onun üçün dua etdim.
Daxilimdən keçdi: “İlahi, əgər bu insan bu pulu mənə verməsəydi, mən dərmanlarımı belə ala bilməzdim…”
Hacı Adil təkcə həkim deyildi… o, insanlığın, mərhəmətin canlı nümunəsi idi.
Allah rəhmət eləsin, ruhunu şad etsin, məqamını uca etsin".
Aygün
Medicina.az