Coviddən sonra səhhətimdə problemlər yaranıb, müalicə alıram - Teymur Rəcəbovdan açıqlama

  • 2022.07.21 18:33
  • 2832 Baxış
Coviddən sonra səhhətimdə  problemlər yaranıb, müalicə alıram  - Teymur Rəcəbovdan açıqlama


“Mən bütün şüurlu həyatımı şahmata, həm fərdi, həm də komanda yarışlarında ölkəm - doğma Azərbaycanım üçün oynamağa həsr etmişəm”.

Medicina.az xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov mətbuata açıq məktub ünvanlayıb.

35 yaşlı qrossmeyster millidəki komanda yoldaşı Vasif Durarbəylinin onun barəsində yazdığı statusu şərh edib. Rəcəbov mətbuata açıq məktubunda bildirib ki, Olimpiadadan imtina etməsi məhz səhhəti ilə bağlıdır. O, məktubda öncə karyerası barədə məlumatları qeyd edib:

"İlk dəfə 2001-ci ildə, 14 yaşı olanda millidə oynamağa başlayıb və bu günə qədər bir çox fiziki, psixoloji və digər problemlərə baxmayaraq, Azərbaycan və xalqımız üçün oynayıb: “Azərbaycan millisinin tərkibində üçqat Avropa çempionu oldum. 30 ildən artıqdır ki, mən şahmatda ölkəm üçün oynayıram, onun maraqlarını beynəlxalq arenada, şahmatda və ondan kənarda müdafiə edirəm, xalqımızın mənafeyini qoruyuram və bütün gücümlə dövlətimizin bayrağını yüksəklərə qaldırmağa çalışıram. İndi mən səhhətimə görə məcburi - fors-major vəziyyətdə Olimpiadada iştirak etməməyimlə bağlı vəziyyəti izah etmək istərdim.

Uzun müddətdir ki, müalicə üçün dərman qəbul edirəm, şiddətli fiziki ağrılar yaşayıram. İstənilən peşəkar şahmatçının həyatında və karyerasında əsas turnir olan Namizədlər Turniri gözlənildiyi kimi mənim üçün fiziki və psixoloji sağlamlığımı tamamilə pozan ən çətin sınaq oldu.

Həmçinin, turnirdən qayıdandan sonra yüksək hərarət, ağır öskürək və post-covid sindromu ilə ağırlaşmalara səbəb olan COVID xəstəliyinə tutuldum. Səhhətimin hazırkı durumunda milli komandaya xeyir verə bilmərəm, bir müddət bərpa olunmağa məcburam. Nəzərinizə çatdırım ki, həkimlər bir neçə ay ərzində ambulator müalicəni tövsiyə etməklə hər hansı bir psixo-emosional stressi qadağan edib".

Rəcəbov bildirib ki, peşəkar şahmata qayıtmaq və gələcəkdə yığmaya xeyir vermək üçün hər şeyi edəcək: "Azərbaycan milli komandasındakı bütün yoldaşlarıma qarşıdan gələn Olimpiadada uğurlar arzulayıram, onlara azarkeşlik edərək bütün görüşləri izləyəcəyəm və komanda yoldaşlarımla birgə həyəcanlanacağam. Ümid edirəm ki, yenidən Azərbaycan millisində yüksək səviyyədə yarışa biləcəyəm”.