Çox ağır xəstələrə lazım olan dərmanlar Azərbaycana gətirilmir - Mİllət vəkilindən ETİRAZ

  • 2022.06.08 15:54
  • 2346 Baxış
Çox ağır xəstələrə lazım olan dərmanlar Azərbaycana gətirilmir  - Mİllət vəkilindən ETİRAZ


"Bu ay Milli Məclisin Səhiyyə və Əmək və sosial siyasət komitələrinin Şuşada iclası olacaq. Müzakirə olunacaq məsələlərdən biri icbari tibbi sığorta ilə bağlıdır”.


Bu sözləri Bakupost.az -a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Məlahət İbrahimqızı deyib.

O, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyevin onkoloji xəstəliklərin sığorta zərfinə daxil edilməsi ilə bağlı təklifini dəstəkləyib:




“Biz millət vəkilləri olaraq bunu dəstəkləyir və təqdirəlayiq hesab edirik. Amma belə təkliflər əksər hallarda Nazirlər Kabineti tərəfindən təsdiqlənir. Düşünürəm ki, agentliyin rəhbəri Zaur Əliyev bu fikirləri səsləndiribsə, deməli, bu, işıq üzü görə biləcək, müsbət həll olunacaq. Əminəm ki, müvafiq qurumlar tərəfindən də təsdiqlənəcək. Bir sıra xəstəliklər var ki, onlar ailələri müflis vəziyyətinə salırlar. Çünki çox böyük maliyyə tutumuna malik olan müalicələr tələb olunur. Lakin bu, maliyyə vəziyyəti orta və aşağı səviyyədə olan insanlar üçün hədsiz dərəcədə ağır yükdür”.

Millət vəkili xidmət paketinə Vilson xəstəliyinin də daxil edilməsini təklif edib:

“Vilson xəstəliyi çox nadir insanlarda olur. Say az olsa da, bu xəstəliyin müalicəsi hədsiz dərəcədə ağır, eyni zamanda çox maliyyə tutumuna malikdir. Xəstəliyin özünün müalicəsi çox çətindir, hətta Azərbaycanda bunun müalicəsi yoxdur. Eyni zamanda, müalicə xərcləri hədsiz dərəcədə böyük maliyyə tələb edir.

Azərbaycanda Vilson xəstəsi olmuş, hətta əlillik almış insanlar var ki, onlar dərmanları imtiyazlı şəkildə ala bilmirlər. Bununla bağlı mən müvafiq səhiyyə orqanlarına müraciət etmişəm. Cavab o olub ki, bu xəstəliyin dərmanları ölkəyə gətirilmir, yaxud ölkəyə gətirilməsinə icazə verilmir. Demək istəyirəm ki, onkoloji xəstəliklər kimi bəzi xəstəliklərin müalicəsi də tibbi xidmət zərfinə daxil olmalıdır.

Azərbaycanda bu xəstələr sayca çox azdır, amma cənab Prezidentin müdrik və humanist fikri var ki, hər bir vətəndaşın sağlamlığı, həyatı dövlətimiz üçün əhəmiyyətlidir. Ona görə bu xəstəliklə bağlı da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin konkret addımlar atamasını xahiş və təklif edirəm”.